“Nurcanın ölümü ilə bağlı məsələ hüquqi cəhətdən bir neçə istiqamətdə qiymətləndirilə bilər. Onun atasının iki gün əvvəl ondan imtina etməsi faktı bu gün hər hansı bir hüquqi məsuliyyət yaratmır”.
Bunu hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlamasında qeyd edib.
O deyib ki, hüquqda məsuliyyət yalnız həmin şəxs yaşadığı dövrdə baş verən hərəkətlərə və ya hərəkətsizliyə görə tətbiq olunur:
“Bununla belə, dövlət orqanları Nurcanın ölümü ilə bağlı ümumi araşdırma apararaq, hər hansı zorakılıq, laqeydlik və ya cinayət əlaməti olub-olmadığını müəyyənləşdirə bilər. Əgər ölüm təbii səbəblərdən baş veribsə, heç bir şəxsə qarşı məsuliyyət yaranmır. Əgər cinayət və ya zorakılıq izləri aşkarlansa, artıq məsuliyyət həmin əməldə iştirak edən şəxslərin üzərinə düşür. Valideynin iki gün əvvəl verdiyi imtina qərarı isə geri dönük hüquqi öhdəlik yaratmır. Hüquqi sistem yalnız yaşayan valideyn və övlad münasibətləri üzərində məsuliyyət qurur, keçmişdə rəsmiləşmiş imtina aktı isə bu bağları tamamilə ortadan qaldırmış sayılır. Sosial baxımdan isə bu kimi hadisələr dövlətin uşaq müdafiə sisteminin nə qədər effektiv işlədiyini yenidən müzakirəyə çıxara bilər. Nurcanın həyatı boyunca aldığı sosial dəstək, onun yaşayış şəraiti və səhiyyə xidmətlərinə çıxışı kimi məsələlər ətraflı araşdırıla bilər. Bu araşdırmalar gələcəkdə belə halların qarşısını almaq üçün yeni siyasət və mexanizmlərin hazırlanmasına səbəb ola bilər”.
Leyla Turan Demokrat.az


