Çin 1 yanvardan avtomobil ixracı ilə bağlı yeni qanunlar tətbiq edəcək, avtomobil ixracına nəzarəti gücləndirəcək. Yeni qaydaya görə “işlənmiş 0 kilometr” avtomobil dövrü başa çatır. Belə avtomobili xaricə satmaq istəyən ya 3 ay gözləməli, ya da istehsalçıdan icazə almalıdır.
Bəs bu yenilik Azərbaycan avtomobil bazarına necə təsir göstərəcək?
Bu barədə Demokrat.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bu günə qədər Azərbaycan bazarına Çindən avtomobil iki istiqamətdə gətirilirdi:

“Biri istehsalçı zəmanəti ilə, yerli nümayəndəliyi olan şirkətlər gətirirdilər. Biri də fərdi qaydada, istehsalçı zəmanəti olmayan və rəsmi nümayəndəliyi olmayan istiqamətdə, fərdi şəxslər, sahibkarlar gətirirdi. Burada maraqların toqquşması baş verirdi, konflikt yaranırdı. Söhbət ondan gedir ki, rəsmi nümayəndəliyi olan, rəsmi istehsalçı zəmanəti olan avtomobillərin qiyməti qeyri-rəsmi gətirilən avtomobillərin qiymətindən bir qədər fərqlənirdi. Belə olan halda, avtomobil satan iri mərkəzlər ziyana düşürdülər.
Hətta, bəzi Çin avtomobili satan şirkətlər var ki, onlar müəyyən modellərin şöbələrini bağlayıblar, çünki onlara artıq həmin modelləri satmaq səmərəli deyil.
Artıq bundan sonra Çində dəyişən qərarlara görə, bu məsələdə bir balns yaranacaq. Bundan sonra bizim avtomobil bazarında da Çin avtomobillərinin satışı ilə bağlı nizam yaranacaq, rəsmi nümayəndəliklər də ziyana getməyəcəklər”.
Cavidan Mirzəzadə Demokrat.az


