Biləsuvar rayonunda 40 yaşlı kişi ikinci evliyindən olan arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyulun 19-da rayonun Xırmandalı kəndində baş verib. 1985-ci il təvəllüdlü Vüsal Məmmədov həmin gün saat 8 radələrində yaşadıqları fərdi yaşayış evində şəxsi münasibətlər zəminində Fərqanə (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. O, qadına müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən V. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən V. Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır: “Mən iki dəfə ailə həyatı qurmuşam. Lakin ilk arvadımdan boşanmışam. Mənim ilk evliliyimdən Sürayə adlı 1 uşağım var. Mən boşandıqdan sonra Fərqanə ilə kəbin bağlamaqla faktiki nikah münasibətinə daxil oldum. Birlikdə kənddə ona məxsus fərdi yaşayış evində yaşamağa başladıq. Biz artıq iki ildir ki, faktiki nikah münasibətlərindəyik. Son zamanlar aramızda zərərçəkmiş şəxs boşandığım arvadım ilə barışacağımı və buna görə də bizim rəsmi nikah bağlamadığımızı əsas tutaraq, tez-tez münaqişə yaradıb. Bu zəmində iyulun 19-da, saat 8 radələrində Fərqanə ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı Fərqanə üzərimə gəldi, mənə əl-qol hərəkətləri etdi. Mən isə Fərqanənin sağ əlindən tutaraq, onun barmağını burdum. Həmin vaxt ağrının təsirindən qadın qışqırmağa başladı. Mən onu dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına apardım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Fərqanə əşyalarını yığaraq, valideynlərinin yanına gedib: “Həmin mübahisə təxminən 6-7 dəqiqə davam etdi və hadisə vaxtı yanımızda heç kim olmayıb. Hadisə baş verdikdən sonra əməlimdən peşman olmuşam. Zərərçəkmiş şəxs ilə barışığa cəhd etsəm də, o, mənimlə barışmadı”. İş üzrə zərərçəkmiş Fərqanənin sözlərinə görə, əri Vüsal arasında tez-tez münaqişələr baş verib: “Mənimlə Vüsalın arasında narazılığın əsas səbəbi onun keçmiş arvadına məxsus cehiz əşyalarının hələ də yaşadığımız evdə qalması olub. Sonuncu dəfə iyulun 19-da, səhər saatlarında Vüsal mənimlə mübahisə etməyə başladı. Həmin vaxt ərim məni nalayiq ifadələrlə təhqir etdi və mənim sağ əlimdən tutaraq barmağımı burdu. Mən ağrının təsirindən özümü itirdim. Vüsal məcbur qalaraq məni xəstəxanaya apardı. Müayinə zamanı sağ əlimin üçüncü barmağının vətərinin sındığı məlum oldu. Həkimlər tərəfindən mənə ilkin tibbi yardım göstərildikdən sonra yaşadığımız evə qayıtdıq. Daha sonra isə mən bütün əşyalarımı yığaraq, evi tərk etdim. Bundan sonra Təzəkənd kəndində yerləşən valideynlərimə məxsus evə getdim. Orada olduğum zaman Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etdim və Vüsalın mənə qarşı fiziki zor tətbiq etməsi barədə şikayət etdim”.
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə V. Məmmədova 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.
Təqsirləndirilən şəxsin cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub.
Ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.
V. Məmmədova Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bu müddətdə təqsirləndirilən şəxsin üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


