Gündəm Özəl

Tələbələr keçirilən fənləri özü seçə biləcək? — AÇIQLAMA

Tələbələr keçirilən fənləri özü seçə biləcək? — AÇIQLAMA

"Ali təhsildə tələbələrin ixtisasla əlaqəsi zəif olan fənlərlə yüklənməsi Azərbaycanda uzun illər boyu təhsil prosesində səmərəsizliyə səbəb olub və bu, daha çox universitetlərin daxili planlaşdırma zəifliyinin nəticəsidir. Problem əslində kurikulumun özündən çox, universitetlərin həmin kurikulumu çevik şəkildə tətbiq etməməsindən qaynaqlanır. “Təhsil haqqında” Qanunun 36.1-ci maddəsində ali təhsilin əsas məqsədi kimi ixtisas üzrə peşəkar kompetensiyaların formalaşdırılması göstərilsə də, bir çox universitetlər bu tələbi nəzərə almadan fənn siyahılarını illərlə dəyişməz saxlayıb. Halbuki əsl məqsəd tələbənin zamanını optimallaşdırmaq və onun ixtisasa yönəlik biliklərini gücləndirməkdir. Son illərdə Elm və Təhsil Nazirliyinin kurikulum çevikliyinə yönəlmiş islahatlarının mahiyyəti də məhz budur”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, statistika göstərir ki, 2019-cu ildən bəri ali təhsil proqramlarının strukturunda seçmə fənlərin payı 10%-dən 22%-ə yüksəlib və bu, tələbə seçim imkanlarının genişlənməsi baxımından ciddi irəliləyişdir:

“Bu artım təsadüfi deyil — son beş ildə nazirlik universitetlərə akademik muxtariyyət çərçivəsində daha çox çeviklik verib, onlara kredit məkanını yenidən qurmaq imkanı yaradıb. 2020–2024-cü illər arasında 47 universitetdə tədris planları yenilənib, 1800-dən çox köhnəlmiş fənn ləğv edilib, eyni zamanda 2100 yeni fənn təsdiqlənib. Bu rəqəmlər onu göstərir ki, nazirlik kurikulum islahatını təkcə konseptual yox, praktik səviyyədə də həyata keçirir. Dünya təcrübəsi ilə müqayisədə bu dinamika yüksək hesab olunur: məsələn, Avropa Universitetlər Assosiasiyasının 2024-cü hesabatına görə Avropa ali məktəblərində seçmə fənn payının illik artım tempi 1.8% olduğu halda, Azərbaycanda bu göstərici 3.2%-dir. Deməli, ölkəmiz bu istiqamətdə inkişafda bir çox ölkələri qabaqlayır”.

Ekspertin sözlərinə görə, dünya təcrübəsi bir daha sübut edir ki, tələbə seçimi sistemi təhsilin keyfiyyətinə birbaşa təsir göstərir:

“ABŞ və Kanadada tələbənin ümumi kreditlərinin təxminən 35–40%-i sərbəst seçimə açıqdır, nəticədə məzunların 72%-i iki və daha çox sahədə kompetensiya qazanır. Finlandiyada tələbələrin 60%-i ixtisasından əlavə ən azı bir minor proqram seçir, bu isə onlara əmək bazarında daha çevik mövqe qazandırır. Azərbaycanda isə seçmə fənn imkanlarının artması nəticəsində son iki ildə tələbələrin tədris davamiyyəti 8% yüksəlib, kursatmalar üzrə orta nəticə göstəricisi 6% yaxşılaşıb. Bu, artıq sistemin praktik təsirini göstərən real nəticədir. Elm və Təhsil Nazirliyi bu prosesdə çox müsbət addımlar ataraq universitetləri məcbur edib ki, tədris yükünü yenidən qursunlar, fənlərin məqsəd və məzmununu yeniləsinlər, lazımsız dərsləri planlardan çıxarsınlar”.

Kamran Əsədov qeyd edib ki, universitetlərin özlərinin bu prosesə adekvat reaksiya verməməsi ən ciddi problemdir:

“Bir çox universitetlər yenilənmiş kurikulumu tətbiq etsə də, hələ də köhnə strukturlar, təkrar olunan fənlər, ixtisasla əlaqəsi zəif kurslar saxlanılır. Bu, həm tələbənin motivasiyasını azaldır, həm də universitetlərin rəqabət qabiliyyətini zəiflədir. Professor-müəllim heyətinin bir qismi yenilənmiş fəlsəfəni mənimsəmədən köhnə modelə sadiq qalır, nəticədə seçim sistemi kağız üzərində mövcud olsa da, real praktikada məhdudiyyətlər qalır. Halbuki dünya təcrübəsi universitetlərin öz daxili idarəetməsinin güclü olduğu şəraitdə seçmə sisteminin daha səmərəli işləndiyini göstərir. Buna görə də Azərbaycanda kurikulum çevikliyi nazirliyin səyləri hesabına inkişaf etsə də, universitetlərin daxili idarəetməsi bu templə ayaqlaşmır və islahatları ləngidir.

Müsbət tərəf ondan ibarətdir ki, seçmə fənn sisteminin genişlənməsi tələbənin peşə yolunu daha dəqiq planlaşdırmasına imkan yaradır, əmək bazarında interdisiplinar bacarıqlar formalaşır, müəllimlər yeni fənlər hazırlamağa təşviq olunur, universitetlər arasında rəqabət güclənir. Azərbaycanda 2023–2024-cü illərdə tələbələrin 41%-i ixtisası ilə yanaşı rəqəmsal savadlılıq, proqramlaşdırma, idarəetmə və psixologiya üzrə seçmə fənlər götürüb və bu, ölkənin kadr bazasının keyfiyyətini yüksəltmək baxımından mühüm göstəricidir. Mənfi tərəflər yalnız o halda yarana bilər ki, proses zəif idarə olunsun: tələbə akademik məsləhət almadan seçim etsin, universitet fənləri düzgün planlamasın, müəllimlər öz fənlərini yeniləməkdən imtina etsin. Buna görə də yeni sistemin davamlılığı üçün həm akademik məsləhət xidmətləri gücləndirilməlidir, həm də universitetlərə daha ciddi monitorinq mexanizmi tətbiq edilməlidir”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova