"Zəngəzur dəhlizinin açılması regionun iqtisadi, ticarət və infrastruktur layihələrinin inkişafına böyük təsir göstərəcək. Bu dəhliz regionun simasını hətta dəyişmək potensialına malikdir. İqtisadi baxımdan məşğulluğun artırılması, gəlirlərin yüksəlməsi, insanların rifahının yaxşılaşdırılması, dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsi və ümumi sülh və təhlükəsizlik mühitinin güclənməsi baxımından əhəmiyyətlidir".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O, bildirib ki, Zəngəzur dəhlizi Çindən Avropaya qədər olan geniş coğrafiyada bütün xalqların və dövlətlərin mənafelərinə uyğun nəticələr verəcək:
"Təbii ki, bu layihədən ən çox fayda götürən tərəflərdən biri Ermənistan olacaq. 30 ildən çoxdur öz siyasətinin təsiri altında təcrid vəziyyətində olan Ermənistan üçün bu dəhliz bir göydəndüşmə kimi qiymətləndirilə bilər. Onun ticarət, iqtisadi, investisiya əlaqələrinin inkişafı və vətəndaşların rifahının yaxşılaşdırılması baxımından böyük təsiri olacaq".
Onun sözlərinə görə, Zəngəzur dəhlizi yalnız iqtisadi və maliyyə layihəsi deyil, eyni zamanda strateji təhlükəsizlik layihəsidir:
"Dəhliz vasitəsilə yaranacaq maddi və maliyyə faydalarının sabit qalması üçün bütün əlaqəli ölkələr təhlükəsizlik mühitinin qorunmasında maraqlı olacaqlar. Çindən Avropaya qədər olan dövlətlərin böyük əksəriyyəti də dəhlizin təhlükəsizliyində maraqlıdır, çünki bu dəhliz mövcud nəqliyyat və logistika seqmentlərindən daha səmərəli fayda təmin etmək potensialına malikdir. Beləliklə, Zəngəzur dəhlizi həm iqtisadi və ticarət layihəsi, həm təhlükəsizlik layihəsi, həm də insanların rifahının yaxşılaşdırılmasına xidmət edən bir layihədir".
Əfsanə Kamal Demokrat.az


