"Hazırda Ermənistan daxilində hökumətə qarşı ciddi təzyiqlər müşahidə olunur. Bunun səbəbi revanşistlərə məxsus müxtəlif qrupların hökuməti gözdən salmaq və 2026-cı il parlament seçkilərində daha əlverişli zəmin yaratmağa çalışmalarıdır. Hökumət isə bu vəziyyəti yaxşı başa düşür və müxtəlif vaxtlarda çıxışlar edərək mövqeyini möhkəmləndirməyə çalışır".
Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O, bildirib ki, paradla bağlı səsləndirilən fikirlər hökumətin sülh təşəbbüslərini gözdən salmağa çalışan əks qüvvələrə qarşı atılan addım kimi dəyərləndirilə bilər:
"Paşinyan sülh təşəbbüsləri ilə müəyyən uğurlar əldə edərək, cəmiyyətin dəstəyini qazanmağa çalışıb və buna nail olub. 2026-cı il parlament seçkilərinə qədər bu prosesin daha da genişlənəcəyi proqnozlaşdırılır. Hökumətin əlində müəyyən təsir imkanları var. Kilsəyə qarşı atılan radikal addımlar və revanşistlərlə bağlı hökumətin qətiyyətli mövqeyi müşahidə olunur və seçkilərə qədər daha ciddi tədbirlər görülə bilər".
Ekspert bildirib ki,Ermənistanın sülh prosesi ilə bağlı atdığı addımlar və əldə etdiyi nailiyyətlər bəzi məsələlərin, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı problemlərin həllini əhatə etmir:
"Ermənistan Vaşinqton bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı şərtləri qəbul edib, amma texniki problemləri əsas gətirərək prosesi ləngidir. Bu, sülh prosesinə uyğun yanaşma deyil və üçüncü qüvvələrə hökumətə qarşı arqumentlər vermiş olur".
Onun sözlərinə görə, yaxın dönəmdə Ermənistanda vəziyyətin daha gərginləşməsi mümkündür:
"Hökumət isə sülh prosesinə sadiq qalmalı və üzərinə götürdüyü öhdəlikləri hər hansı siyasi təsir olmadan, tam və şəffaf şəkildə həyata keçirməlidir".
Əfsanə Kamal Demokrat.az


