"44 günlük müharibədən sonra Prezident, Azərbaycan Respublikasının Ali Baş Komandanı ordunu yenidən qurmaq qərarı verdi. Qərar verildi ki, ordu NATO standartlarına uyğunlaşdırılsın, mobil olsun və müasir silahlarla təmin edilsin".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib.
O bildirib ki, biz türk modelini seçdik:
"Türkiyə NATO üzvüdür və son beş ildə ordunu modernləşdirmək üçün böyük işlər görüldü. Türkiyənin mütəxəssisləri Azərbaycanda iştirak edərək ordunu yeni sistemə keçirdilər. Komando və xüsusi təyinatlı hərbi hissələr yaradıldı. Müasir silahlar alındı.
Ordumuz NATO strukturuna və taktikasına uyğun təlimlər keçir. Gələcəkdə münaqişə zamanı həmin taktikalardan istifadə olunacaq. Artıq ordunun struktur və ştatı türk modelinə uyğunlaşmışdır. Müasir silahların alınması və taktikanın öyrənilməsi əsas prioritetdir".
Ekspert deyib ki, son zamanlar Azərbaycan hava müdafiə sistemlərini və hərbi hava qüvvələrini gücləndirir:
"Pakistanla müqavilələr bağlanıb və yeni qırıcı təyyarələr əldə olunur. Çin istehsalı sistemlərlə hava müdafiəmiz möhkəmləndirilir. Ərazimizin hava məkanını qorumaq üçün sərhəddən sərhədə lazım olan müasir texnika əldə edilir. Orta mənzilli raketlər də alırıq. Bunlar NATO sisteminə keçid üçün vacibdir.
Həm struktur, həm döyüş qabiliyyəti paralel şəkildə modernləşdirilməlidir. Silahların düzgün istifadəsi üçün geniş təlimlər keçirilir. Azərbaycan ordusu Türkiyə ilə birgə təlimləri tez-tez keçir. Nəticədə ordumuz yüksək döyüş qabiliyyətinə malikdir və Cənubi Qafqazda regionun təhlükəsizliyinə təminat yaradır".
Əfsanə Kamal Demokrat.az


