Gündəm Özəl

Dilçi: “Dilimizi yad sözlərlə yanaşı biganəlikdən qorumalıyıq”

Dilçi: “Dilimizi yad sözlərlə yanaşı biganəlikdən qorumalıyıq”

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunan yığıncaqda çıxış edən Prezident İlham Əliyevin çıxışı həm elmi, həm də ictimai baxımdan olduqca mühüm məqamlara toxunur”. Bu sözləri Demokrat.az-a açıqlamasında dilçi Həqiqət Bayramova deyib.

O qeyd edib ki, Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin daşıyıcısı, mədəni yaddaşın əsas sütunudur:

“Bu mənada dilin saflığının qorunması sadəcə lüğəvi məsələ yox, milli təhlükəsizlik və mədəni davamlılıq məsələsidir. Son onilliklərdə Azərbaycan dilinə xarici xüsusilə ingilis və rus mənşəli sözlərin sürətlə daxil olması müşahidə olunur. Bu, qloballaşma və informasiya mühitinin təsiri ilə bağlı təbii proses olsa da, dilin daxili sistemini zənginləşdirməkdən çox, bəzən onun orijinallığını kölgədə qoyur.

Prezidentin “əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, niyə başqa dildən kəlmə gətiririk?” sualı məhz bu təhlükəyə diqqət çəkir. Bu baxımdan dil siyasətinin əsas məqsədi yalnız normativ qaydalar qoymaq yox, həm də cəmiyyətin dil mədəniyyətini formalaşdırmaq olmalıdır”.

Dilçi alim bildirib ki, media, təhsil və sosial şəbəkələrdə dilin düzgün istifadəsi nümunə kimi təqdim edilməlidir:

“Ədəbi dilin qorunması o zaman mümkün olur ki, danışıq dili və yazı dili arasında uçurum yaranmasın. Gənc nəslin dil duyumu artırılmalıdır.

Bu, həm məktəblərdə dil tədrisinin keyfiyyətindən, həm də ailə mühitində dilə verilən dəyərdən asılıdır. Azərbaycan dilinin müasir elmi, texnoloji və ictimai tələblərə cavab verə bilməsi üçün yeni terminlərin milli əsasda yaradılması da vacibdir. Prezidentin vurğuladığı kimi, dilin saflığı dövlətin və cəmiyyətin birgə məsuliyyətidir. Çünki dilini itirən xalq, əslində, öz kimliyinin əsas dayağını itirir”.

Leyla Turan Demokrat.az

D
demokrat.az