Tarixboyu İstanbul təkcə şair və yazıçıların yox, hətta hökmdarların da vəsf etdiyi bir məkan olub. Fransa imperatoru Napoleon Bonapart hesab edirdi ki, dünyada sadəcə bir dövlət olsaydı, onun paytaxtı mütləq İstanbul olardı...
Demokrat.az "Report"a istinadən xəbər verir ki, u şəhər haqqında çəkilmiş onlarla film, yazılmış yüzlərlə misra olsa da, çoxları hələ də onun cazibəsi qarşısında sözlərin yetərli olmadığını düşünürlər. Yəqin, elə bu səbəbdəndir ki, İstanbul haqqında ən sentimental şeirləri oxuyanda belə həmişə nəyinsə natamam olduğu hissinə qapılmışam. Ancaq bu hissi yox etmək, yəni İstanbulu tamamilə duymaq üçün bir fürsət yarandı. Belə ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Turizm Təşviqat və İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Go Türkiye” proqramı çərçivəsində çoxdan baş tutmalı olan görüşümüzü reallaşdırmaq imkanım oldu. 


Məscidin hər birinin hündürlüyü 61 metr olan iki minarəsi var. Arxitekturasında ənənəvi və müasir elementləri özündə birləşdirən ibadət evinin əsas günbəzi klassik Osmanlı məscidlərindən ilhamlanaraq hazırlanıb. Dörd min nəfərlik tutumu olan məscidin interyerində də ənənəvi naxışlar dərhal diqqət çəkir.
Bələdçimiz bildirir ki, məsciddə təkcə ibadət yox, həm də sosial və mədəni fəaliyyətlərlə məşğul olmaq üçün yerlər var. Belə ki, aşağı mərtəbədə kitabxana, sərgi sahələri və konfrans zalı yerləşir, ancaq əksəriyyət buraya ibadət üçün üz tutur. Özbəkistanlı həmkarlarımız da axşam namazını burada qıldıqdan sonra birlikdə iftara yollanırıq.
Türkiyə mətbəxinin əvəzsiz Ramazan şirniyyatı olan güllaçın dadına baxma imkanı tapırıq. Can Gəncər bildirir ki, güllaç Osmanlı mətbəxindən günümüzə qədər gəlib çatan, iftar süfrələrinin bəzəyi olan ən yüngül və ənənəvi şirniyyatlardan sadəcə biridir. Desertin məhz Ramazan ayında daha çox tələb görmə səbəbi isə həzmi asanlaşdırmasıdır. Nazik xəmir yarpaqlarını süd və şəkərlə isladıb, daha sonra içərisinə qoz əlavə edib üst-üstə düzərək hazırlanan və sonda üzərinə nar dənələri, qoz, püstə əlavə edərək bəzədilən bu şirniyyatı daddıqda insan, doğrudan da, özünü fərah rahat hiss edir. Elə bu rahatlıqla da günümüz yekunlaşır.

Eyüpsultan səmtində yerləşən təpə ziyarətçilərə İstanbulun ən gözəl mənzərələrindən birini izləmək imkanı verməklə yanaşı, təmiz havası, Osmanlı dövrü üslubu, pişikləri və digər zərif detalları ilə unudulmaz bir atmosfer təqdim edir.
Şəhərin rəngli mənzərəsini buradan seyr etdikdən sonra isə həm həmkarlarımızın zöhr namazını qılması, həm də Osmanlı dövrünün günümüzə gəlib çatmış müqəddəs incilərindən birini görmək üçün Eyüpsultan məscidinə yollanırıq. Eyüpsultan İstanbulun fəthindən beş il sonra, 1458-ci ildə Fateh Sultan Mehmetin göstərişi ilə tikilmiş ilk böyük Osmanlı məscididir. Ancaq məscidin tarixi əhəmiyyəti bununla yekunlaşmır. Can Gəncərin verdiyi məlumata əsasən, Osmanlı sultanları taxta çıxmazdan əvvəl qılınc bağlama mərasimini Eyüpsultan məscidində keçirərmişlər. Bu, Osmanlı İmperiyasında sultanın hakimiyyətini elan etdiyi mühüm bir mərasim olub.
Bütövlükdə Eyüpsultan türbə və məscid olmaqla iki hissəyə ayrılır. Türbə ilə bağlı tarixən Osmanlı İmperiyasında yeni doğulan körpələri buraya gətirmək və onlara ad qoymazdan əvvəl burada dua etmək ənənəsi olub. Bu ənənə müasir dövrdə də bəzi ailələr tərəfindən davam etdirilir. Türbənin içərisində isə peyğəmbərin ən yaxın səhabələrindən biri olmuş Əbu Əyyub əl-Ənsari yatır. O, İstanbulun ilk mühasirəsi zamanı (7-ci əsrdə) burada şəhid olub. Məkan insanlar tərəfindən çox müqəddəsləşdirildiyinə görə, həm əsas ziyarət nöqtələrindən birinə çevrilib, həm də sonralar onun həyətində Osmanlı şeyxülislamları və dövlət xadimləri dəfn olunublar. Ona görə də ərazi Osmanlı dövründə ən müqəddəs qəbiristanlıqlardan biri sayılırmış.
Məscid təbii fəlakətlər səbəbilə bir neçə dəfə dağılsa da, sonralar bərpa olunub. Hətta sultan III Səlimin dövründə XVIII əsr memarlığı əsasında yenidən inşa edilib, yəni hazırkı tikili özündə ilk versiyasını əks etdirmir. Məscidlə bağı ən önəmli ənənələrdən biri isə insanların Həcc və Ümrəyə getməzdən əvvəl buranı ziyarət etmələridir. Əslində, məscidin interyerinin özünəməxsusluğunu, incə naxışlarını və gözalıcı mavi işıqlı çilçıraqlarını gördükdə insanların hüzuru ilk burada tapmaq istəmələri heç də təəccüb doğurmur.

Girişdə muzey əməkdaşları 20-dən çox dildə hazırlanmış tərcümə aparatlarını istənilən dildə təqdim edir. Gördüklərimə əsasən, muzey ümumilikdə 13 salonda Ayasofyanın müxtəlif dövrlərini ziyarətçilərə çatdırır. İlk dövr Roma imperiyası zamanını əhatə edir və burada Ayasofyanın ilk tikildiyi vaxta aid məlumatlar təqdim olunur. Daha sonra Osmanlı dövrü, İstanbulun fəthindən sonra onun məscidə çevrilməsi və bu proses zamanı baş verən dəyişikliklər izah edilir. Həmçinin Ayasofyanın muzey kimi fəaliyyət göstərdiyi illərdən bəhs edən sərgilərin yer aldığı muzey dövrü və yenidən ibadət üçün açılması barədə məlumatların əks olunduğu məscidin yenidən açılış dövrü mövcuddur.


İçəridə nəhəng xəttatlıq lövhələrində Allahın, Məhəmməd peyğəmbərin, dörd xəlifə və sonuncu xəlifə Əlinin oğlanları Həsənlə Hüseynin adları yazılıb. Bununla belə, İsa, Məryəm, Cəbrayıl və mələklər təsvir olunan xristianlıq dövrünə aid mozaikalar da qorunub saxlanılır. Yəni burada siz dinlərin mübarizəsini yox, birliyi, vahidliyi tapırsınız.







