Son iki il ərzində 1300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işindən kənarlaşdırılıb. Bu olduqca böyük rəqəmdir.
Bəs, bu problemin arxasında nə dayanır?
Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Demokrat.az-a açıqlamasında bildirib ki, müəllimlərin sertifikatlaşdırılması müsabiqəsi 2021-ci ildən həyata keçirilir:
“4 il müddətində ölkə üzrə çalışan 150 mindən çox təhsilverənlərdən əhəmiyyətli hissəsi-təxminən 100 minə qədəri artıq sertifikasiya prosesində iştirak edib. Məlumdur ki, sertifikatlaşdırma müsabiqəsinə qatıldığı ilk cəhddə uğursuz nəticə göstərən, yəni, tapşırıqların heç 50%-nin də öhdəsindən gələ bilməyən (30 ballıq limiti keçməməklə) müəllimlərə növbəti il ikinci dəfə şans verildi. Yalnız bu dəfə, ardıcıl ikinci imtahandan kəsilən müəllimlərin isə əmək müqaviləsinə xitam verilir.
Düşünürəm ki, bu kifayət qədər ədalətli qərardı. Çünki sertifikasiyadan müxtəlif fənlərə görə təqdim olunan sual nümunələri onsuz da ağırlıq dərəcəsinə görə çox da problemli test tapşırıqları deyil. Öz ixtisas fənni ilə bağlı səthi bilikləri olan müəllimin belə təqdim olunan 60 sualdan ən azı yarısına cavab vermək şansı var. Hələ bundan ötrü əlavə hazırlıq prosedurunu demirəm. Üstəlik, hələ bir il də əlavə vaxt verilir ki, yenidən hazırlaşsın”.
Ekspert deyib ki, bütün bunlardan sonra “kəsilən” müəllim isə bizim tədris prosesi, şagirdlərin gələcəyi üçün zərərli ola bilər:
“Odur ki, onların tədrisdən uzaqlaşdırılması, yerlərinə isə MİQ müsabiqəsində yüksək bilik və bacarıq göstərsələr də, vakant yer sayının azlığına görə işlə təmin oluna bilməyib namizəd kimi gözləmədən qalan xeyli sayda gənc müəllimləri dəvət etmək olar. Onlar tədrisə daha innovativ, daha yaradıcı və həvəsli yanaşacaq və faydalı olacaqlar.
Doğrudur, ümumilikdə götürəndə sertifikasiyadan keçmiş on minlərlə müəllimlə müqayisədə 1300 rəqəmi o qədər də böyük görünmür. Amma bu o demək deyil ki, durum acıqlanacaqlı da hesab edilməməlidir.
Əksinə, bu o deməkdir ki, illərlə bizim məktəblərimzidə öz ixtisasını səthi səviyyədə belə bilməyən 1300 müəllim dərs deyib. Onların əksəriyyəti hazırda fəaliyyətini dayandıran və həddindən artıq formal təhsili ilə “seçilən” kollec və özəl ali təhsil müəssisələrini bitiriblər. Amma sonradan da özlərini inkişaf etdirə bilməmələri durumu bu cür acınacaqlı hala gətirib”.
Leyla Turan Demokrat.az


