Gündəm Özəl

Müəllimlər və tələbələr süni intellekt inqilabına hazırdırmı? — AÇIQLAMA

Müəllimlər və tələbələr süni intellekt inqilabına hazırdırmı? — AÇIQLAMA

Müəllimlərin ən çox şikayət etdiyi şeylərdən biri tələbələrin qeyd aparmamasıdır. Onlar, tələbələrin ancaq telefonla məşğul olduqlarını bildirirlər. Çünki gənclər axtardıqları hər şeyi internetdən tapa biləcəklərinə əmindirlər.Ölkəmizdə ali təhsil ocaqlarında önümüzdəki üç il ərzində süni intellektlə bağlı böyük işlər görmək haqqında düşünülür. Tələbələr və müəllim bu yeniliyə hazırdırmı?

Demokrat.az-ın sualını təhsil eksperti Qoşqar Məhərrəmov cavablayıb:

Müəllimlər və tələbələr süni intellekt inqilabına hazırdırmı? — AÇIQLAMA

"Süni intellekt inqilabdır. Eynən internet kimi. İnqilab olduğu zaman dəyişimə ayaq uydura bilənlər və geridə qalanlar olur. Təbiət güclüləri saxlayır. Bu mövzuda güclü və ya zəif olmaq adaptasiya ilə əlaqədardır. Fiziki güclə əlaqədar deyil. Hər kəs özünü bu mənada yoxlamalıdır ki, nə dərəcə yeni şeylər öyrənə bilir.Süni intellekt də bu alətlərdən biridir".

Ekspert qeyd edib ki, süni intellektdən müxtəlif formalarda istifadə edə bilərik. Öyrənmək üçün də köçürmək üçün də istifadə edə bilərik.

"Öyrənmək üçün istifadə etsək, işimizə yarayacaq. Oradan kopyalayıb istifadə etsək, zərərimizə olacaq. Əsas da oxumağımıza və öyrənməyimizə əngəl olacaq.

Yeni dövrdə də hər zaman yazı yazıb qeyd tutmaq aktual olacaq. Çünki qeyd tutma prosesində əl, göz,zehin iştirak edir. Onsuzda yazacaqlarını internetdən tapacağını düşünən tələbələrin öyrənmə prosesində yalnız gözləri iştirak edir. Süni intellektdən istifadə zamanı öyrənib, anlayıb, öz sözlərimizlə ifadə etsək, öyrəndik deyə bilərik. Birbaşa oxumadan kopyalamaq plagializm olur. Bu da akademik dürüstlüyün pozulması deməkdir. Akademik dürüstlüyün pozulması nizam-intizam xətasıdır. Dünyanın inkişaf etmiş ölkələrindən belə hallarda müəllimin və ya tələbənin işi "0" sayılır.Şagirdlər və tələbələr mütləq süni intellektdən düzgün istifadə etməlidirlər".

Qoşqar Məhərrəmovun fikrincə, müəllimlər bilməlidir ki, süni intellekt vasitəsilə tapşırığın süni intellektlə yazılıb yazılmadığını öyrənə bilərlər:

"Siz bir süni intellektlə başqa birini yoxlaya bilərsiniz. Bunu edə bilməsəniz, sadəlövh bir müəllim olacaqsınız. Öyrənmək həvəsi yaşla əlaqədar deyil. İnsanın dünya görüşü, öyrənməyə açıq olması ilə əlaqədardır. Müəllim heyəti açıq fikirli olmalıdırlar. Hər gün süni intellektlə bağlı bir şey öyrənməlidirlər ki, zamanla ayaqlaşa bilsinlər".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova