Gündəm Özəl

Addım-addım Türkiyə Cümhuriyyətinə doğru...

Addım-addım Türkiyə Cümhuriyyətinə doğru...

Bu gün Azərbaycanın dost, müttəfiq və qardaş ölkəsi olan Türkiyə Cümhuriyyətinin 101-ci müstəqillik ildönümüdür.

Politoloq Turan Rzayev Türkiyənin müstəqilliyə doğru gedən yolundan Demokrat.az-a bəhs edib:

Addım-addım Türkiyə Cümhuriyyətinə doğru...

"Türkiyənin müstəqillik günü əslində həm Anadolu türklüyü, həm də dünya türk tarixi üçün unudulmaz və mühüm bir hadisədir.Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperiyasının müttəfiq dövlətlər tərəfindən bölüşdürülmə prosesi gedir. Osmanlıya yalnız İstanbul və Anadolunun şimal vilayətləri verilir. Osmanlının Anadoludakı və Yaxın Şərqdəki torpaqları Böyük Britaniya, Fransa, İtaliya və Yunanıstan arasında bölüşdürülür. Paralel olaraq Amerika prezidenti Vudro Vilsonun planı əsasında Osmanlının və bugünkü Türkiyənin şərq əyalətləri, Anadolunun şərq əyalətlərinin bir hissəsi daşnak Ermənistan dövlətinə verilir. Yəni belə bir bölünmə prosesi fonunda əslində türk xalqı işğalla üz-üzə qaldı. Bu işğal vəziyyəti əslində uzun müddət davam etmədi. Qısa müddət sonra Osmanlının dövlətlərin işğalına məruz qalması fonunda Anadoluda artıq fərqli-fərqli müstəqillik hərəkatları başladı. Bu hərəkatların bir çoxu xalq arasından çıxan liderlər tərəfindən idarə olunurdu. Bəzilərinə Osmanlı zabitləri, paşaları rəhbərlik edilirdi".

Politoloq bildirib ki, əslində Atatürk Anadoludakı bu etirazları basdırmaq üçün bura göndərilir:

"Yəni Atatürkə qədər də Anadoluda müxtəlif çaplı, irili, xırdalı, müstəqillik hərəkatları baş verirdi. Lakin bu müstəqillik hərəkatları pərakəndə xarakter daşıyırdı. Heç bir mərkəzi ordu sisteminə malik deyildi. Buna görə də ya qısa zaman ərzində yatırılır, ya da qanlı şəkildə qarşısı alınırdı. Belə olan təqdirdə müstəqilliyə olan inam da azalmağa doğru gedirdi. Məhz bu dirənişlərin olduğu bir dönəmdə Mustafa Kamal Paşa sonuncu Osmanlı hökmdarı VI Mehmed Vahideddinin xüsusi imtiyazı və sərəncamı ilə Anadoluya göndərilir. Əsas məqsəd isə Anadoludakı bu etirazları basdırmaq idi. Amma nəticə etibarı ilə Mustafa Kamal bunu etmədi. Samsuna gəldikdən sonra yerli nümayəndələrlə görüşür, pərakəndə olan müstəqillik hərəkatını vahid siyasi, hərbi mərkəzə toplamağa çalışır. Müəyyən konqreslər keçirilir. Misal üçün, Ərzurum Konqresində ilk dəfə Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyət fikrini irəli sürür. Bu fikrini də yenə Ərzurumda bir silah yoldaşı olan Kazım Qarabəkir Paşaya açıqlayır. Əgər müstəqillik hərəkatından danışırıqsa, Mustafa Kamal Paşa qədər ən azı onun yanındakı insanlara diqqət etmək lazımdır. Bunlar kimdir? Misal üçün, İsmət İnönü, Kazım Qarabəkir Paşa və.s".

Turan Rzayevin sözlərinə görə, Atatürkün Türkiyədə müstəqillik hərəkatına liderlik etməsi həm də tarixi bir proses idi:

"Bütün bu şəxslər əslində cümhuriyyətin qurucu şəxsləridir. Amma burada daha çox biz Mustafa Kamalın payından danışmalıyıq. Mustafa Kamal Osmanlı dövründə, Liviya müharibəsində, Balkan savaşlarında, Birinci dünya müharibəsində Osmanlının ən qanlı cəbhələrindən olan Suriyada Fələstində döyüşmüş uğurlar qazanmışdır. Çox cüzi məğlubiyyətləri çıxmaq şərtilə elə də bir məğlubiyyət almamış təcrübəli bir şəxs idi. Və belə bir şəxsin məhz Türkiyədə müstəqillik hərəkatına liderlik etməsi həm tarixi bir proses idi. Mustafa Kamal olmadan da bu hərəkat davam edəcəkdi. Amma Mustafa Kamalla qələbəyə çatdı. Əslində bu gün təəssüf ki, Mustafa Kamalla bağlı bəzi əsassız fikirlər irəli sürülür. Bu şəxs olmasaydı, böyük ehtimalla Türkiyə yenə də olardı. Amma bu gün kimi güclü və bugünki ərazi bütövlüyündə olmazdı. Anadoludan işğalçı qüvvələr belə rahatlıqla atılmazdı. Digər bir məsələni də qeyd etmək lazımdır ki, əslində Mustafa Kamal Paşa sıfırdan dövlət qurmayıb. Mövcud Osmanlı dövlət sistemini reform edərək, Qərbə inteqrasiya prosesi fonunda bir Türkiyə ərsəyə gətirib".

O, həmçinin Osmanlının sonunu gətirən səbəblərdən danışıb:

"Osmanlının əslində sonunu gətirən Qərblə ayaqlaşa bilməməsi daha çox Şərq adətləri və dini mövhumat üzərində dövlətin idarə edilməsi idi. Bu, Osmanlı çökdürən başlıca sosial səbəblərdən idi. Təsadüfi deyil ki, dövlətin Cümhuriyyət modeli olması təklifi də məhz Osmanlının idarə edilməsi qaynaqlanan problemlərlə bağlı idi.

Türkiyə Cümhuriyyətinin önündə ən böyük əngəllərdən biri "İstiqlaliyyət" savaşı qələbə qazanandan sonra monarxiya sistemi idi. Osmanlı xanədanının hələ də İstanbulda qalmışdı.Mustafa Kamal Paşanın irəli sürdüyü layihə ilə onlar Türkiyəni tərk etməyə məcbur edilir. Amma bu proses də əslində dövrün bir tələbi idi. Çünki Mustafa Kamalın arzuladığı türk dövlətini Osmanlı xanədanı ilə etmək mümkün deyildi.Təxminən bir il ərzində xilafət davam edir. Xilafətin də monarxiyaya yaxın olması səbəbilə tədricən sıradan çıxarılması qərarı verilir.

Bilinənin əksinə Mustafa Kamal hər zaman qərarlarını radikal formada həyata keçirməyib.

Türkiyədə ilk müxalifət partiyasının qurulması da Mustafa Kamal Paşanın istəyi və görüşü əsasında baş verib. Bunu quran da yenə onun döyüş yoldaşlarındanQarabəkir Paşa olub. Yəni bütün bunları ümumiləşdirsək deyə bilərik ki, Mustafa Kamal həm Anadolu türklüyü, həm də türk dünyası üçün mühüm bir şəxsdir. Müqayisə üçün deyim ki, Anadoluda gedən müstəqillik hərəkatından əslində 2-3 il öncəsində Qafqazda ilk Türk cümhuriyyəti qurulmuşdu. Atatürk cümhuriyyəti qurarkən ətrafında yenə özü kimi aydın düşüncəli kadrlar var idi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti qurularkən eyni vəziyyəti bizim üçün deyə bilmirik. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi şəxslər olsa da, parlamentdə, fraksiyalarda çox zidd fikirlər var idi.

Biz həm də Türkiyənin müstəqillik gününü ortaq tarixi bir gün kimi qeyd edirik. Bu, Türk dünyası üçün önəmli bir hadisədir. Çünki hardasa yarım əsrdən bir qədər uzun müddət dünya üzərində tək türk dövləti Türkiyə Cümhuriyyəti idi.

Azərbaycan və digər türk dövlətlərinin müstəqillik əldə etməsi, müstəqilliklərini qoruyub saxlaması və bu gün də inkişaf prosesi faktiki olaraq Türkiyə Cümhuriyyətinin müstəqilliyi fonunda baş vermiş oldu".

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova