“Azərbaycan “ADEX-2024” Beynəlxalq Müdafiə Sərgisində çox sayda silah və silah sistemlərini ictimaiyyətə təqdim etdi. Sərgidə zirehli vasitə üzərində quraşdırılan lazer silahı, snayper tüfəngləri, pulemyotlar, suüstü dronlar, zirehli personal daşıyıcılar, zirehli sanitar maşınları, yeni pilotsuz vasitələr təqdim olundu. Silah bazarında yaşanan qıtlığı aradan qaldırmaq üçün Azərbaycan sürətlə müdafiə sənayesini inkişaf etdirir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ə.Verdiyev qeyd edib ki, təqdim olunan silahlara xarici şirkətlərin marağı böyükdür:
“Müdafiə sənayesi sahəsində özəl şirkətlərin iştirakı üçün geniş imkanlar var. Təqdim edilən silahların bir hissəsi özəl şirkətlərə aiddir. Sərgi çərçivəsində bir çox xüsusi texnikaların alınması ilə bağlı sazişlər də imzalandı. Mina təmizləmə vasitələrinin ANAMA-ya verilməsi ilə bağlı müqavilə imzalanıb. Azərbaycan hazırda Türkiyə ilə birgə silah istehsalı sahəsində ciddi addımlar atır. Dünyanın silah bazarının nəhəng şirkətləri Azərbaycanla əməkdaşlıq edir. “Leonordo”, ”İnfrotek”, “Deftek” şirkətlərinin pilotsuz uçan aparatları, zirehli maşınları, mina təmizləmə vasitələri sərgidə təqdim olundu. Sərgi kifayət qədər silah assortimentinə malik idi və təbii ki, ən çox məhsul təqdim edən şirkətlər qardaş Türkiyəyə aid şirkətlər idi. Düşünürəm ki, sərgi Azərbaycanın silah idxal və ixrac potensialına müsbət təsir edəcək və silah istehsalında maraqlı olan şirkətləri də ölkəmizə cəlb edəcək”.
Törə Zeynallı Demokrat.az


