“Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanı noyabrda keçirləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrinin imzalamağa dəvət etməsi bu ölkənin əslində sülh istəmədiyini və qeyri-adekvat müzakirələrə yol açmaqla vaxt qazanmaq niyyətini göstərir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Ermənistan Azərbaycanın sülh sazişinə dair şərhlərini iyun ayının 24-də qəbul etsə də, cavabını 70 gün ləngitmiş və tərəflər arasında sülhün dayanıqlılığı üçün prinsipial sayılan, lakin hələ də razılaşdırılmamış müddəaları müqavilə çayihəsindən çıxarmaqla yeni variant kimi Bakıya qaytarmışdı:
“Yeddinci çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Ermənsitanın bu davranışı Bakıda primitiv, qeyri-adekvat və gözlənilməz gediş kimi qiymətləndirildi. Dövlət başçımızın da ifadə etdiyi kimi, mətndən İrəvanın istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar çox vacibdir və Bakı Ermənistanın sülh müqaviləsindən birtərəfli qaydada çıxararaq müzakirəsini "sonrakı dövrə" saxlamaq istədiyi müddəalarsız sülh müqaviləsini natamam hesab edir. Məsələn, hələ də Ermənistanın konstitusiyasında Azərbaycana münasibətdə ərazi iddealarının qüvvədə qalması fonunda iki ölkə arasında sülh müqaviləsinin hüquqi qüvvəsi ola bilməz və elə həmin sülh müqaviləsi məhz Ermənistan konstitusiyasına zidd olduğu üçün bu ölkənin parlamentində ratifikasiya edilə bilməz. Bu isə əslində Azərbaycanla Ermənistanın arasında İrəvanın təklif etdiyi formada sülh müqaviləsinin heç bir hüquqi qüvvəyə malik olmayan kağız parçasından başqa bir şey olmayacağını deməyə əsas verir. Təbii ki, regionda yeni reallıqların yaradıcısı kimi Azərbaycan üçün belə qeyri-ciddi yanaşma və heç bir hüquqi qüvvəyə malik olmayan sənədi imzalamaq yolverilməzdi. Heç şübhəsiz ki, Ermənistanın Baş naziri də bu reallıqların fərqindədir, sadəcə heç bir prespektivi olmayan formatda sülh müqaviləsini imzalamağa "tələsməklə" əslində Paşinyan bölgədəki real niyyətlərini pərdələməyə və Azərbaycan əleyhinə qlobal təzyiq mühiti formalaşdırmağa cəhd edir. Yəni Ermənistan əslində sülh prosesində maraqlı deyil və bu ölkənin sürətlə silahlanması, o cümlədən Ermənistanda revanşist dairələrin, hökümətin və Ermənistanın havadarlarının dəstəyi ilə yenidən fəallaşması İrəvanın sülh niyyəti ilə pərdələnərək təzavüzkar məqsədlər naminə hazırlaşdığını göstərir. Daha dəqiq desək, cənab Prezidentin Milli Məclisdə də ifadə etdiyi kimi, "Ermənistan əslində sülh istəmir, vaxt uzatmaq və bu vaxtdan istifadə edərək xarici himayədarlarının dəstəyi ilə hərbi potensial qurmaq istəyir." Lakin Azərbaycanın regionda əməliyyat şəraitinə nəzarət etməsi, hərbi-siyasi potensial baxımından regionda istənilən beynəıxalq subyektdən daha güclü olması Ermənistanın istənilən formada hazırlıqlarının bu ölkə üçün yaxşı heçnə vəd etmədiyini deməyə əsas verir. Unudulmamalıdır ki, Azərbaycan qalib tərəfdir, sülh yolu ilə əldə edə biləcəyi hər şeyə hərbi-siyasi yolla nail olub, və bugünkü reallıqda sülhə daha çox Ermənistan ehtiyac duyur və duymalıdır. Əgər Ermənistanda sülh yox, yenidən təzavüzkar meyillərə düşübsə, heç şübhəsiz cavabı da niyyətinə adekvat formada olacaq”.
Mehriban Mirzəzadə Demokrat.az


