Unun topdan satış qiymətində son aylarla müqayisədə ucuzlaşma müşahidə olunur. İstehsal müəssisələrində unun qiymətində bir manatadək azalma var. Statistikaya görə, ölkədə hazırda 50 kq-lıq unun topdan satış qiyməti 26.1-27.8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26.8-28.5 manat, iyun ayında isə 28.3-29.5 manat olub.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-aaçıqlamasında deyib ki, un ucuzlaşsa da çörəyin qiymətində azalma gözlənilmir:
"Çünki unun qiymətinin qalxması da çörəyə təsir etməmişdi. Cari ilin aprel, may aylarında un bahalaşdı, amma çörəyin qiyməti dəyişmədi. 50 kq-lıq unun qiymətində 1 manatlıq ucuzlaşma o deməkdir ki, 1 kq un 2 qəpiyə düşür. 600 qramlıq zavod çörəyində bunun təsiri 1 qəpik olacaq. Buna görə də çörək istehsalçıları unun qiyməti qalxanda çörəyi bahalaşdırmadılar. Eyni məntiqlə yenə də çörəyin qiymətində ucuzlaşmanın olacağını gözləmirəm".
Törə Zeynallı Demokrat.az


