Tələbə adını qazanmış minlərlə gənc bir neçə gündən sonra universitet həyatına başlayacaq. Bu məqamda onların düzgün istiqamətləndirilməyə, faydalı tövsiyələrə ehtiyacları var, eyni zamanda da çox həyəcanlıdırlar. 4 il boyunca edəcəkləri çox şey var.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında universitet həyatına başlayacaq gənclərlə tövsiyələrini bölüşüb.
O deyib ki, bu il ötən illərlə müqayisədə rekord sayda şəxs ali təhsil müəssisələrinə qəbul olub:
“Onların arasında xaricdən Azərbaycana oxumağa gələnlər də var. Təxminən 62 min nəfər ali təhsil almaq hüququ qazandı. Onları qarşıdakı bir neçə il ərzində mühüm dövr gözləyir. Bu dövrü də bacardıqca səmərəli keçirmək lazımdır, çünki artıq tələbə adını qazanan şəxslər ali təhsil istiqamətində bilik və bacarıqlara yiyələnəcəklər.
Seçdikləri ixtisasla bağlı yalnız universitetdə tədris olunan proqramla kifayətlənməməli, daim özlərini inkişaf etdirməli, bir çox mənbələrə müraciət etməli, bacardıqca daha çox bilik və savada yiyələnməli, nəzəri və praktiki biliklər əldə etməlidirlər. Kifayət qədər zamanları olacaq, tövsiyə edərdim ki, ən azı 1 və ya 2 xarici dil öyrənsinlər 4 il ərzində. Hər keçən saatı dəyərləndirmək lazımdır. Bununla yanaşı kompüter proqramlarını da öyrənmək lazımdır.
Tələbələr özlərini hərtərəfli inkişaf etdirməklə məşğul olmalıdırlar ki, əldə etdikləri biliklər əsasında məzun olduqdan sonra əmək bazarında özlərinə uğurlu karyera qura bilsinlər, bacarıqlı kadr kimi yetişsinlər”.
Törə Zeynallı Demokrat.az


