Rusiyada qutusunun üzərində "Xankəndi" sözü yazılan kibrit istehsal edilib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki "Xankəndi" kibriti Şirokovets şəhərində "Fesko" Səhmdar Cəmiyyəti tərəfindən buraxılıb.
Əslən şuşalı olan yazıçı-publisist Kərim Kərimli Demokrat.az-a açıqlamasında bu ideyanı müsbət dəyərləndirib. Onun fikrincə bəzən xırda bir detal böyük bir təbliğat işindən daha çox təsir göstərə bilir, iz buraxır. Kibritin üzərində Xankəndi sözünün Azərbaycan dilində, latın qrafikasıyla yazılmasına və rus və ya ingilis dilində yazıya ehtiyac olub-olmamasına gəlincə K.Kərimli qeyd etdi ki,rus dilində yazının olması kifayətdir:
"Fikrimcə, Xankəndi sözünün ingilis dilində verilməsinin elə bir əhəmiyyəti yoxdur, kibrit qutusu Rusiyada buraxılıb, orada da əsas dil rus dilidir. Bunun Rusiyada baş verməsi xüsusilə yaxşı haldır. Düşünürəm ki, 44 günlük müharibə və antitertor tədbirləri zamanı Rusiyadakı dairələr kifayət qədər məlumatlı oldular ki, şəhərin əsl adı Xankəndidir. Son dövrlər rusiyalı siyasətçilər, dövlət adamları, jurnalistlər də başlayıblar Xankəndi sözünü işlətməyə. Amma mənə elə gəlir ki, kibrit daha çox sadə əhali üçün nəzərdə tutulub, imkanlı şəxslərin özünün bahalı alışqanları olur. Xankəndi şəhərinin təbliğatı ilə yanaşı düşünürəm ki, burada kiçik bir kommersiya maraqları da ola bilər. İnsanların həssas yerinə toxunaraq kibrit satışından müəyyən gəlir əldə etmək fikri ola bilər. Hər bir halda bu addımı müsbət qarşılamaq və alqışlamaq lazımdır. Bizdə də bu ideyadan istifadə etmək, ölkəyə gələn qonaqlara, turistlər belə hədiyyələr bağışlamaq olar. Belə kiçik detallar həm diqqəti çəkir, həm də insanlarda xoş təəssürat yaradır".
Törə Zeynallı Demokrat.az


