Gündəm Özəl

“20-30 ildə minlərlə insana belə saxta müavinətlər düzəldilib…” — Cəzalar ağırlaşmalıdır

“20-30 ildə minlərlə insana belə saxta müavinətlər düzəldilib…” — Cəzalar ağırlaşmalıdır

Əlillik təqaüdləri düzəltmək adı ilə 30 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən şəxs həbs olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumatda deyilir ki, saxlanılan Mikayıl Mirzəyev bu məqsədlə dörd nəfər şəxsin etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib. "Vətəndaşlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək 30 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən Mikayıl Mirzəyev saxlanılıb. M.Mirzəyev barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər", - məlumatda qeyd olunub.

Sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında deyib ki, belə hallar müxtəlif sahələrdə müşahidə olunur:

“20-30 ildə minlərlə insana belə saxta müavinətlər düzəldilib…” — Cəzalar ağırlaşmalıdır

“Müxtəlif növ müavinətlər, ünvalı sosial yardım, əlillik, müharibə veteranı statusu almaq üçün son 20-30 ildə minlərlə insana belə saxta müavinətlər düzəldilib. Problemin həlli ilk növbədə dövlətin, daha sonra ictimaiyyətin, medianın üzərinə düşür. Dövlət tərəfindən məsələ odur ki, cəzasızlıq mühitidir, cəzalar adekvat deyil. Hesab edirəm ki, bu əmələ görə cəzalar azı 10 dəfə artırılmalıdır. İctimai nəzarətin olmaması da böyük problemdir. Biz hamımız ətrafımızda belə insanların olduğunu görürük, bilirik ki, bu adam müharibədə olmayıb, amma veteran statusu alıb, ya da çox yerdən gəliri ola-ola yenə də ünvanlı sosial yardım alır. Amma bu barədə nə mediaya, nə dövlət orqanlarına məlumat veririk. Üçüncü məsələ artıq insanların vicdanı ilə, mənəviyyatı ilə bağlıdır. Son dövrlərdə isə təəssüf ki, bunlar arxa plana atılıb, mənəvi dəyərlər itirilib. Həqiqətən yardıma ehtiyacı olanlar qalır bir kənarda, başqaları rüşvətlə dövlətdən sosial yardım alır. Bunun həlli üçün illərdir təklif edirəm ki, rüşvət alanlarla yanaşı rüşvət verənlər də ağır cəzalandırılsın. Rüşvət və korrupsiya üstündə tutulan məmurun bütün əmlakı müsadirə olunmalıdır. Təəssüf ki, bizdə bu, olmadığı üçün, üstəlik şəffaflıq da yoxdur deyə belə hallar rahatca ört-basdır olunur. Bir məmuru buradan çıxarıb, ora təyin edirlər, bu, cəza deyil. Digər ölkələrdə vəziyyət ciddidir, ağır cəzalar var, güclü ictimai nəzarət var. Problemin yeganə həlli olaraq bizdə də bu üsullar tətbiq edilməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova