Sosial

“Vətəndaş 80 qəpiyə badımcan alır, tərəzidə bahalı eqzotik meyvənin qiymətini qeyd edirlər...” — Mağazaların kart oyunu

“Vətəndaş 80 qəpiyə badımcan alır, tərəzidə bahalı eqzotik meyvənin qiymətini qeyd edirlər...” — Mağazaların kart oyunu

Kartla ödəniş alış-veriş zamanı istehlakçılar köməkçisinə çevrilib. Nağd ödənişlər artıq azalıb, kartla ödəniş sayəsində artıq kassaların qarşısında dəqiqələrlə pul saymağa, pulun qalığını gözləməyə ehtiyac qalmır. Ancaq paytaxtda bir çox mağazalarda, restoran və kafelərdə hələ də "kartdan-karta" ödəniş tələb edilir. Bu da istehlakçıların hüquqlarının pozulmasının bir növüdür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, bu hal sahibkarın vergidən yayınmaq jestidir və istehlakçılar bu cür qanun pozuntusunda iştirak etməməlidirlər:

“Bu bir çox yerlərdə - iaşə obyektlərində, xidmət sahələrində, geyim mağazalarında, hətta klinikalarda da baş verir. Hökumət kartla alış-veriş edilməsində maraqlıdır, hətta müəyyən bonusla da gəlir kartla ticarətdə. Lakin kartla ödənişlər zamanı istehlakçılar aldana da bilirlər. Bu çox ciddi problemdir. Məsələn, istehlakçı kartla ödəniş edib malı alandan sonra telefonuna gələn sms-ə baxmır və əksəriyyət çekə də baxmır. Bu halda istehlakçıdan almadığı malların da pulunu çıxırlar. Vətəndaş 80 qəpiyə badımcan alır, tərəzidə məhsulu çəkən şəxs əvəzinə hansısa bahalı eqzotik meyvəni qeyd edir. Sanki mağazadakı işçilər, müdiriyyət əlbirdirlər. Bu hadisə “Grandmart”da baş verib, həmin marketdən çoxlu şikayətlər gəlir.

Azərbaycanda istehlakçılar bir ildə almadıqları mallar üçün 500 milyon manat ödəniş edirlər, bu da çox vaxt kartla ödənişlərdə baş verir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bu hallara nəzarət etmir və ya etmək istəmir. İstehlakçı quruma şikayət edir, amma bürokratik əngəllər üzündən şikayət nəticəsiz qalır. Ümid edirəm cənab Prezidentin sərəncamı ilə adıçəkilən qurum agentliyə çevriləndən sonra çevik mexanizm yaradılacaq və istehlakçılar dövlətin fəal köməkçisinə çevriləcəklər. Cənab Prezidentin də vurğuladığı kimi ictimai nəzarət güclənməlidir ki, problemlər həllini tapsın”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova