Kriminal Özəl

Bakıda ər arvadını döydü — TƏFƏRRÜAT

Bakıda ər arvadını döydü — TƏFƏRRÜAT

Bakının Xətai rayonunda 1974-cü il təvəllüdlü Nəsimi qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ər və arvadının birgə kirayə yaşadıqları mənzildə baş verib.

Nəsimi həmin evə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə sonun üst dodağın yumşaq toxumalarının şişkinliyi halında əzilməsi və əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa zərərvurmaya aid edilən bədən xəsarətləri yetirib.

Hadisəni törədən Nəsiminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Nərminə onun arvadıdır:

“Biz 2002-ci ildə rəsmi nikaha daxil olmuşuq. Bu nikahdan bizim iki oğlan və bir qız övladlarımız var. Son vaxtlar qısqanclıq zəminində Nərminə ilə aramızda mübahisələr yaranırdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat 07:30-da işə getməyə hazırlaşan zaman hadisədən əvvəlki gün yedikləri yeməkdəki ətin qurban payı verildiyini öyrənib:

“Mən də Nərminədən nə üçün bu barədə mənə əvvəlcədən demədiyini soruşdum. Bundan sonra aramızda mübahisə baş verdi. Əsəbləşərək şillə ilə Nərminənin üz nahiyəsinə vurdum. Beləliklə mən əməlindən peşmançılıq çəkdim. Hazırda zərərçəkmiş şəxs ilə barışmışam, ona dəymiş ziyanı tam olaraq ödəmişəm”.

İş üzrə zərərçəkmiş Nərminənin sözlərinə görə, evli olduqları müddət ərzində Nəsimi ilə aralarında səbəbsiz yerə mübahisələr yaranıb:

“Təxminən 3 aydır ki, soyuq münasibətlərimiz var. Demək olar ki, heç bir ünsiyyət qurmuruq. Sonuncu dəfə hadisə günü, saat 07:30-da evdə olan zaman soyuducuda qurban payı verilən əti gördü və haradan əldə etməyimi soruşdu. Mən də ona bir nəfər qadın müştərinin pay verdiyini bildirdim. O, isə nə üçün icazə almadığımı soruşdu. Ona danışmadığımıza görə icazə almadığımı dedim. Bundan sonra Nəsimi əsəbləşərək mənə yaxınlaşdı və yumruqla ağız nahiyəmə vurdu. Məni təhqir etməyə başladı. Bir neçə dəqiqədən sonra Nəsimi işə getdi. Mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim”.

Zərərçəkmiş bildirib ki, onların aralarında qısqanclıq zəminində mübahisələri olub.

Onun sözlərinə görə, qadın müştərinin ona qurban payı verməsini ərinə demədiyinə görə mübahisə yaranıb:

“Nəsimi məni kirayə yaşadığımız evin qonaq otağında əli ilə vurdu. Həmin vaxt evdə ikimizdən başqa heç kim olmayıb”.

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin barəsində ittihamedici hökm çıxarmır. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən onun barəsində olan cinayət təqibinə xitam verilib. Bu səbəbdən də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova