Xarici siyasət Özəl

"Azərbaycanın BRICS-lə bağlı addımı uzaqgörən siyasətin nəticəsi olaraq önə çıxır” — AÇIQLAMA

Azərbaycanın BRICS-lə bağlı addımı uzaqgörən siyasətin nəticəsi olaraq önə çıxır” — AÇIQLAMA

“Bu gün dünyada baş verən qanlı olaylar, hərbi toqquşmalar, gərginliklər və digər mənfi meyillərin kökündə dövlətləri faizə bağlayan, daimi borclandırma siyasəti yürüdən petrodollar sisteminin çöküş prosesinə qədəm qoyması və bunun nəticəsi olaraq yeni dünya düzəninin qurulması dayanır. Bu proses geosiyasi dağıntılarla müşahidə olunur və bütün dövlətlərin milli maraqları, təhlükəsizliyi təhdid altındadır”.

Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, hər bir dövlət öz mili təhlükəsizliyini təmin etmək və onu təhdid edən amillərdən sığortalanmaq üçün müxtəlif platformalardan yararlanmaq və ittifaqlarda təmsil olunmaq istəyir:

“Çünki heç bir dövlət təkbaşına bu təhdidlərdən özünü sığortalaya bilməz. Bu baxımdan geosiyasi böhranı öz lehinə çevirərək əsas problemini işğalda olan torpaqlarını azad etməklə həll edən Azərbaycan dünyada nümunə yaradan ölkələrdəndir. Bu, aparılan doğru siyasətin təzahürüdür”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, təkqütblü dünyanı sona çatdıracaq faktorlar da məhz ittifaqlar və qlobal miqyasda gücə çevriləcək təşkilatlardır:

“Bunun dünya səhnəsində olan və potensial praktiki mexanizmlərə malik nümunəsi Avrasiya İqtisadi İttifaqı və BRİCS-dir. Bu iki təşkilat petrodollar sisteminin çöküşünü sürətləndirəcək əsas güc mərkəzləridir. Bu baxımdan Avrasiya İqtisadi İttifaqı və BRİCS ABŞ-ni ciddi şəkildə narahat edir. Bunun nəticəsi olaraq dünyada müharibələrə, gərginliklərə, iqtisadi böhranlara və digər süni problemlərə rəvac verilir. Amma dünya elə mərhələyə çatıb ki, artıq geridönüş mümkün deyil və təkqütblü dünya dönəminin başa çatması qaçılmazdır. Ona görə də dövlətlər günlük deyil, uzaq perspektivə hədəflənən siyasət yürüdürlər. Avrasiya İqtisadi İttifaqı və BRICS perspektivi olan təşkilatlar olaraq dövlətlərin diqqətini cəlb edir və burada təmsil olunmaqə istəyirlər. Hesab edirəm ki, Azərbaycanın BRICS-lə bağlı addımı tamamilə doğrudur və uzaqgörən siyasətin nəticəsi olaraq önə çıxır”.

Ə.Zülfüqaroğlu qeyd edib ki, ABŞ-nin FED-in idarə etdiyi indiki hakimiyyəti mümkün bütün variantlardan istifadə etməklə bu prosesi əngəlləməyə çalışır:

“Xüsusilə Vaşinqton Avropa İttifaqına təzyiqlərini artırır ki, ABŞ-nin boyunduruğundan çıxmağa çalışmasın. Təbii ki, ABŞ Avrasiya İqtisadi İttifaqı və BRICS-lə bağlı pozucu fəaliyyət yürüdəcək və ciddi təzyiqlər edəcək ki, bu təşkilatlar güclənməsin”.

Ekspert diqqətə çatdırıb ki, Avropa İttifaqı ölkələri arasında ciddi fikir ayrılıqları var və Azərbaycan bunu çox yaxşı oxuyur:

“Xüsusilə həm də NATO üzvü olan Avropa İttifaqı ölkələri arasında Ukrayna və digər mövzularda ciddi fikir ayrılıqlarının olduğunu və bunun parçalanma perspektivi yaratdığını müşahidə edirik. Hazırda dövlətlər köhnəlmiş və müasir dönəmin çağırışlarına tam cavab verə bilməyən təşkilatların deyil, öz maraqlarını əsas götürür və bu istiqamətdə siyasət yürüdürlər. Buna misal olaraq Şərqi Avropa ölkələri ilə Fransa arasında olan problemləri, NATO-nun ikinci ən güclü ordusuna sahib olan Türkiyə ilə NATO-nun doktrinasına görə düşmən ölkə sayılan Rusiyanın münasibətlərini və.s misal göstərmək olar. Bu baxımdan getdikcə dərinləşən və daha fəlakətli dönəmə qədəm qoyacaq perspektiv üçün dövlətlər öz maraqlarını əsas götürəcəklər. Xüsusilə Avropa İttifaqının bir sıra ölkələri yaxın perspektivdə daha çox ehtiyac duyulacaq enerji, qida və digər istiqamətlərdə əməkdaşlıq etdikləri dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətləri pozmamağa çalışacaqlar. Dolayısı ilə Azərbaycan son dərəcədə mükəmməl, uzaq perspektivə hesablanan fəaliyyət yürüdür və bütün təhdidləri neytrallaşdırmaq potensialına sahibdir”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az