Gündəm Özəl

“Bəzi iş adamları özlərində gizli şəkildə silah saxlayırlar ki...” — Qanunsuz silah saxlayanlar hansı hallarda məsuliyyətə cəlb olunurlar?

“Bəzi iş adamları özlərində gizli şəkildə silah saxlayırlar ki...” — Qanunsuz silah saxlayanlar hansı hallarda məsuliyyətə cəlb olunurlar?

“Təcrübə göstərir ki, müharibədən çıxmış hər bir ölkədə əhalinin bir qismində silahlar qalır. Müxtəlif səbəbləri var bunun, ola bilər ki, təsadüfən şəxs silah əldə edir və ya döyüşlərdə iştirak edib və gizli yolla silahı özü ilə gətirib, silah dövriyyəsində də iştirak edən şəxslər olur, tapdığı silahı sonradan satır. Bəzi iş adamları özlərində gizli silah saxlayırlar ki, onlara hücum olunduqda özlərini qoruya bilsinlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev deyib. Onun sözlərinə görə ov silahları ilə döyüş silahları fərqləndirilməlidir:

“Ov silahlarının saxlanması ona görə qanunsuzdur ki, vacib sənədləşdirmə aparılmayıb. Dövlət maraqlıdır ki, əhalidə qanunsuz silah-sursat olmasın, hətta soyuq silahlar da. Bəzi şəxslər əhəmiyyətinə varmır qanunsuz silah saxlamağın, tənbəllik edir təhvil verməyə, bəziləri də qorxur polisə getməyə ki, məsuliyyətə cəlb olunacaqlar”.

Ekspert qeyd edib ki, Cinayət Məcəlləsinə əsasən qanunsuz silah saxlayan şəxs onu könüllü təhvil verdiyi halda məsuliyyətə cəlb olunmur:

“Ancaq o da göstərilir ki, könüllü silahı təhvil vermə digər bir cinayətin ört-basdır edilməsinə yönəlməsin. Ola bilər ki, şəxs həmin silahla nə vaxtsa cinayət törədib və ya silahı oğurlamaqla ələ keçirib – bu hallar istisna olmaqla istənilən şəxs qanunsuz saxladığı silahı gəlib təhvil verirsə, məsuliyyətə cəlb edilmir.

Qanunsuz silah saxlanılması kriminal mühiti yumşaldır, çünki bir çox hallarda ağır cinayətlər odlu silahla törədilir. Cinayətlərin qarşısını almaq üçün silahların yığılması vacibdir Bundan başqa, biz elə bir regionda yaşayırıq ki, ətrafımızda bizi istəməyən qonşularımız var, onlar əhalidəki silahlardan istifadə edə bilərlər. Əhalini hər hansı etiraza, akisyaya təhrik edə bilərlər. Ermənistanla hələ sülh müqaviləsi imzalanmayıb, ona görə də əahlidə silahların qalması risklidir. Silahları təhvil verənlərə bəzi ölkələrdə mükafat da verilir, bu da insanları təşviq edir ki, silahlarını könüllü təhvil versinlər. Bu praktikadan da istifadə edilə bilər”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev qanunsuz saxlanılan silahların polis orqanlarına könüllü təhvil verilməsi ilə bağlı əhaliyə müraciət edib. O, mətbuata açıqlamasında deyib ki, cinayət aləti olmayan silahları könüllü təhvil verən şəxslərlə bağlı indiyə qədər hər hansı tədbir görülməyib və görülməyəcək. Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova