Saatlı rayonunda 1986-cı il təvəllüdlü Baloğlan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həm həmkəndlisi, həm də uşaqlıqdan dostu olmuş Rəvanı bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 18-də Saatlı rayonu, Əlisoltanlı kəndində baş verib.
Baloğlan həmin gün saat 20 radələrində orta dərəcəli sərxoş vəziyyətdə çayxanada Rəvanın oynadığı domino oynuna qoşulmaq istədiyi zaman sonuncunun buna etiraz etməsi, nalayiq ifadələr işlətməsi, “durub səni vuracam” deyərək ayağa qalxaraq onu vurmağa cəhd etməsi səbəbindən aralarında mübahisə baş verib.
Mübahisəyə görə qisas almaq niyyəti ilə çayxana binasından çıxdıqdan sonra 15 metr aralıqda yaşadığı ev istiqamətində gedən Rəvana yaxınlaşıb və çayxanadan götürdüyü bıçaqla ona 6 dəfə qəsdən zərbələr endirib.
Hadisəni törədən Baloğlanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Baloğlan olan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Rəvan ilə əvvəldən şəxsi münasibəti yaxşı olub, dostluq ediblər:
“Rəvanı öldürmək məqsədim, eləcə də Rəvana bir neçə bıçaq vurmaq məqsədim olmayıb. Hadisə 18 aprel 2023-cü il tarixdə axşam tərəfi kənd ərazisində olub. Rəvanı bıçaqla vurmağıma səbəbi onun məni söyməsi və təhqir etməsi olub”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı sərxoş olub:
“Rəvanı yaşadığımız kəndin ərazisində körpü tərəfdə vurmuşam. Hadisə təxminən saat 23 radələrində olub. Həmin vaxtı Rəvan tək olub. Rəvanın yanında, o cümlədən ətrafda heç kim olmayıb. Rəvanı qoltuq nahiyəsindən vurmuşam. Rəvana arxadan yaxınlaşaraq çağırmışam. Rəvan çönüb mənimlə üzbəüz olanda onu vurmuşam. Rəvana bir bıçaq vurmuşam. Sonra elə bilmişəm ki, Rəvan məni vurmaq istəyir, özümü müdafiə etmək üçün onu yenidən vurmuşam. Hadisə zamanı Rəvanın əlində heç bir alət olmayıb. Rəvan məni söyərək təhqir edib. Rəvanla hazırda münasibətim əvvəlki kimi yaxşıdır. Rəvanla barışmışam və Rəvana maddi köməklik etmişəm”.
Təqsirləndirilən şəxs üç azyaşlı uşağının olmasını, uşaqlarının maddi, mənəvi və psixoloji vəziyyətini, zərərçəkmiş şəxslə barışmasını, maddi yardım göstərməsini, əməlindən peşman olmasını, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilməsini bildirərək, məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş edib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəvanın sözlərinə görə, Baloğlan onu 18 aprel 2023-cü ildə, axşam saat 21-22 radələrində vurub:
“Səhər çayxanaya girəndə Baloğlan məni domino oynamağa çağırdı. Baloğlanla həmişə zarafatımız olub. Həmin vaxtı fikirli olmuşam. Baloğlan mənimlə zarafat etmək istəyib. Baloğlana ünvanını səhv salmamasını, mənimlə zarafatı qurtarmasını bildirdim. Baloğlan kurtkamdan dartaraq “gəl domino” oynayaq dedi. Mən də Baloğlana mənimlə zarafat etməməsini dedim. Baloğlana domino oynamadığımı dedim, yan tərəfdə olan stolda oturaraq çay içdim. Sonra çayxanadan getdim. Baloğlan da həmçinin getdi”.
Zərərçəkmiş qeyd edib ki, həmin günü axşam tərəfi çayxanaya gəlib:
“Məndən sonra Baloğlan da çayxanaya gəldi. Baloğlan çayxanaya gələndə sərxoş vəziyyətdə olub. Təxminən saat 21 radələrində Baloğlanla mübahisələrim oldu. Baloğlan domino oynayarkən əlimdəki daşları qabaqcadan dedi. Baloğlana oturmasını, belə hərəkətə yol verməməsini dedim. Söhbət belə də qaldı, domino oyunu dağıldı. Bizim aramızda mübahisə oldu. Orada olanlar mənimlə Baloğlan arasında nəsə baş verməsinə qoymadılar, aramızda söyüş olmadı. Mübahisə zamanı Baloğlana dedim ki, dursam, səni vuraram. Bakı şəhərində 2002-2003-cü ildə şadlıq sarayında işləyəndə Baloğlan mənim işçim olub. Baloğlangili kənd uşağı kimi işləməyə özüm aparmışam. Baloğlanı vurmaq üçün durmaq istəmişəm. Lakin məni qoymayıblar, sonra isə özüm oturmuşam. Domino dağıldıqdan sonra evə getmək vaxtı çayxana bağlandı, hamı dağıldı. Özüm isə körpüdə qalıb siqaret çəkdim. Yerimdən tərpənmək istəyən zaman Baloğlanın gəldiyini gördüm. Baloğlana yaxın getdim. Baloğlan isə mənə bıçaq ataraq vurdu. Sonra isə Baloğlan tez-tez məni vurdu. Baloğlanı itələyərək suya atdım. Baloğlan sudan çıxanda məni öldürə bilərdi, ancaq heç nə etmədi və getdi. Özüm isə yeriyə-yeriyə evimə getdim. Baloğlan mənə yaxınlaşan zaman qaranlıq olduğundan əlində bıçaq görməmişəm”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Baloğlan 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəs apellyasiya şikayəti verib.
O, barəsində olan hökmün dəyişdirilməsini, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edib.
Bu şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətini araşdıran hakimlər heyəti sonda qərar elan edib.
Qərara görə, şikayət təmin edilməyib.
Fariz Məlikli Demokrat.az


