Qadın məhkumlar üçün tədbir keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsindəki qadın məhkumlar üçün “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə eko çanta boyama, məhkuma əl işləri sənəti üzrə təlimlər, psixoloji seminar təşkil edilib. Müəssisədə tanınmış yazıçı Elxan Elatlının məhkum qadınlarla görüşü də təşkil olunub, yazıçının imzaladığı kitablar məhkumlara hədiyyə edilib.
Sosioloq Lalə Mehralı məhkumlara sənət öyrədilməsinin vacib olduğunu hesab edir.
O, Demokrat.az-a açıqlamasında deyib ki, məhkumlar azadlığa çıxdıqdan sonra iş tapmaqla bağlı problemlər yaşayırlar:
“İşəgötürənlər məhkumluq həyatı yaşamış şəxsləri işə götürməyə ehtiyat edirlər çox vaxt. Ona görə də onların əlində sərbəst, işə getmədən məşğul ola biləcəkləri peşə olmalıdır ki, işləyə bilsinlər. Bəzi sənət sahələri var ki, çox maliyyə tələb etmir və evdən də işləmək, qazanc əldə etmək olur. Qadınların peşə öyrənmələri yaxşı olar. Cəzaçəkmə müəssisələrində bu cür tədbirlərin keçirilməsi gözəl təşəbbüsdür. Sosiallaşmaq üçün məhkumların bu kimi tədbirlərə çox ehtiyacları var. Nəzərə alaq ki, məhkumlar həm cəmiyyətdən təcrid olunurlar, həm də azadlığa çıxdıqdan sonra ikinci dəfə yenə cəmiyyət tərəfindən təcrid edilə bilərlər, əngəllərlə qarşılaşa bilərlər insanların stiqmasından dolayı. Düşünürəm ki, cəza çəkən şəxslərə peşə öyrədilməsi onların gələcəyinə yatırımdır”.
Törə Zeynallı Demokrat.az


