Dünya Özəl

Türkiyə-Suriya münasibətləri normallaşmağa başlayır — AÇIQLAMA

Türkiyə-Suriya münasibətləri normallaşmağa başlayır — AÇIQLAMA

Türkiyə Suriya ərazisindən çıxa bilər. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Reuters”ə müsahibəsində bunun baş verməsi üçün ölkəsinin şərtlərini açıqlayıb. Türkiyəli nazir deyib ki, ölkəsinin Suriyanı tərk etməsi üçün Suriya dövləti yeni konstitusiya qəbul etməli, seçkilər keçirilməli, həmçinin sərhədlərin təhlükəsizliyi və qaçqınların ölkəsinə qayıdışı təmin olunmalıdır.

“World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədova Yaşar Gülərin açıqlamasını Demokrat.az-a şərh edib. Politoloq Türkiyə-Suriya münasibətlərinin normallaşmağa başladığını qeyd edib:

“Türkiyə ilə Rusiya arasında gedən danışıqlar, bu iki ölkənin münasibətləri Türkiyənin Suriya ilə münasibətlərinə də müsbət təsir edir. Rusiyanın verdiyi təklifləri Türkiyə tərəfi qəbul edir. Baxmayaraq ki, Türkiyə Suriyadakı müxalif qüvvələri dəstəkləyirdi, amma Bəşər Əsədin hakimiyyətdə qalması ilə razılaşmağa məcbur oldu. Rusiya da artıq Suriya məsələsində Türkiyə ilə razılığı gəlir, çünki Türkiyə terrorçulara qarşı əməliyyatlarla onları öz sərhədlərindən uzaqlaşdırmağa müvəffəq olur. Danışıqlardakı məsələlərdən biri də terror təşkilatları ilə bağlıdır. Suriya terrorçuların Türkiyənin sərhədlərindən uzaqda olmasını təmin edəcək və onların Türkiyə tərəfinə keçməsinə icazə verilməyəcək. Bu barədə tərəflər arasında müzakirələr davam edir.

Türkiyə tələb edir ki, Suriya konstitusiyasında təhlükəsizlik, terror təşkilatları ilə bağlı məsələlər qeyd olsun, sərhədlər qorunsun. Suriya bu tələblərlə razılaşmaya bilməz, çünki Türkiyə Suriyadakı əməliyyatlarını genişləndirir və getdikcə bu torpaqlara daha çox daxil olur. Bu vəziyyətin bitməsini istəyirsə, Suriya razılığa gəlməlidir Türkiyə ilə və qonşusunun sərhədlərinin təhlükəsizliyini qorumalı, qaçqınların ölkəyə qayıtmasını təmin etməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova