Avqustun 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur.Bu gün Azərbaycan kinosunun yaranmasının 126-cı ildönümü tamam olur. Azərbaycan kino sənəti ötən müddətdə özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Lakin hazırki dövrdə milli kinomuzun zəiflədiyi və bayağılaşdığı iddia olunur. Düzü, bir neçə uğurlu layihələri nəzərə almasaq, kinomuzda əlamətdar adlandıracağımız bir irəliləyiş gözə çarpmır.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Xalq artistiHəmidə xanım Ömərova sənət fədaisi hesab etdiyi bütün dostlarını təbrik edib.
“Bütün fədakar dostlarıma, bütün kino işçilərinə, kinematoqrafçılara bayram günündə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları, yeni filmlər, yeni proyektlər, gözəl layihələr arzu edirəm. Aktyorlara bir-birindən gözəl, maraqlı, tamaşaçıları təəccübləndirəcək rollar arzu edirəm. Bayramımız mübarək.
Düşünmürəm ki, kinomuz bayağılaşıb. Çəkiləcək gözəl proyektlərimiz var və olacaq. Proyektdə var. Qarabağ ilə bağlı film çəkilir. Məncə çox gözəl olacaq. Düzünə qalsa, müharibə haqqında filmlərin əksəriyyəti, hətta deyərdim ən yaxşıları müharibənin üstündən illər keçəndən sonra yaradılıb. Çünki illər keçdikcə müharibəni təhlil etməyə, baş verən hadisələri daha obyektiv görmək üçün vacib şərait yaranır. Ona görə də ən məşhur filmlər müharibədən neçə onilliklər keçəndən sonra çəkilib. Uğurlu və gözəl proyektlər var. İnşaallah onlar ərsəyə gələcək. Mən də həmin layihələrdə iştirak edəcəm”.
Əfsanə Rəcəb Demokrat.az


