Sosial Özəl

“Özəl bağçalar təşviq olunmalıdır” — Xərcləri dövlət qarşılayacaq

“Özəl bağçalar təşviq olunmalıdır” — Xərcləri dövlət qarşılayacaq

Bəzi özəl bağçaların xərclərini dövlət ödəyəcək.Bu barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə bildirib. Onun sözlərinə görə özəl bağçalarda boş qalan yerlərə cəlb edilən uşaqların bir qisminin xərci dövlət tərəfindən qarşılanacaq: "Müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl bağçalarda boş qalan yerlərə qəbul olunacaq və təhsil haqqının bir hissəsi qrant yolu ilə ödəniləcək. İcma əsaslı məktəbəqədər təhsil qrupları, qrant layihələri çərçivəsində yaradılan qısamüddətli, həmçinin ailə tipli təlim qrupları modeli məktəbəqədər təhsildən kənarda qalmış uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin olunmasını hədəfləyir”, - deyə şöbə müdiri qeyd edib.

Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında söyləyib ki, məktəbəqədər təhsildə ciddi problemlər qalmaqdadır:

“2021-ci ildə bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyinə qaytarıldı. Ölkədə 1-6 yaşlı uşaqların sayı təxminən 600 mindir. Beş yaşlı uşaqların əksəriyyəti məktəbəqədər hazırlıq qruplarına cəlb olunurlar. Ölkədə 1950 məktəbəqədər təhsil müəssisəsi var. Burada 17500 uşaq təhsil alır. Son illərdə icma əsaslı, ailə tipli məktəbəqədər təhsil forması həyata keçirilir. Lakin bu layihələr əsasında mövcud problemləri aradan qaldırmaq asan deyil. Məktəbəqədər təhsillə bağlı geniş dövlət proqramı qəbul edilməlidir. Bir müəssisədə maksumim 100 uşaq oxuya bilər, çünki bağçalar məktəb kimi deyil. Nəzərə alsaq ki, şəhər yerlərində ərazilər iş adamları tərəfindən artıq tikilib, bağçalara yer ayrılması problemi ortaya çıxıb. Bu baxımdan Nazirlər Kabinetinin müvafiq qərarındakı bağçalarla bağlı normativlər yüngülləşdirilməlidir. Digər tərəfdən özəl bağçalar təşviq olunmalıdır. Elm və Təhsil Nazirliyinin özəl sektorun fəaliyyətini təşviq etmək məqsədilə orada oxuyacaq uşaqların bir hissəsinin xərclərini qarşılaması özəl müəssisələrə dəstək xarakteri daşıyır. Bu da doğru variantdır, illərdir bunu təklif edirik. Beləliklə bu yolla bəzi problemlər həllini tapa bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova