İndoneziyada siqaret almaqla bağlı yaş həddi artırılıb. Belə ki, siqaret almaq üçün minimum yaş həddi 18-dən 21-ə qaldırılıb. Bu tənzimləmə siqaret çəkənlərin sayının azaldılması və erkən yaşda siqaret çəkənlərin qarşısının alınması məqsədi daşıyır.
Həkim-terapevt Şahvələd Məmmədov oxşar qaydanın Azərbaycanda da tətbiq olunmasının tərəfdarıdır. O, Demokrat.az-a açıqlamasında deyib ki, gün ərzində bircə siqaret çəkmək belə sağlamlığa zərərdir:
“Siqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar. Tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas təhlükə mənbəyidir. Həmçinin ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Az siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir. Mentol və nanə ətirli siqaretlər adi siqaretlər qədər zərərlidir, onlar da ciddi xəstəlik və vaxtından əvvəl ölüm təhlükəsini artırır. O cümlədən elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsulları da eyni dərəcədə, hətta daha ağır təhlükə mənbəyidirlər. Onlarda olan nikotinin miqdarı 6 mq-dır. Yəni, ənənəvi siqaretlərdəki ilə eyni səviyyədədir. Elektron siqaretlərdə istifadə olunan qatqılar buxarlanarkən nəfəs yoluna düşür, bununla da nəfəs yolları, ağ ciyər xərçənginə yol açmış olur”.
Ekspert hesab edir ki, birinci növbədə elektron siqaretlərin istehsalı dayandırılmalıdır:
“Dünya Səhiyyə Təşkilatı bununla bağlı tədbirlər görməlidir. Bunu ayrı-ayrı ölkələrin qadağan etməsi heç nəyi həll etməyəcək. Xüsusən, təhsil müəssisələrinin yaxınlığında siqaret satışına qadağa qoyulmalıdır. Siqaretin dənəylə satılması isə gəncləri siqaretdən çəkindirmir, əksinə, onların siqaretdən istifadəsinə imkan, münbit şərait yaradır. İnsanların kütləvi toplaşdığı yerlərdə siqaret çəkmək qadağan edilməlidir. Siqareti tərgitmək, azyaşlıları, yeniyetmələri siqaret almağa məcbur və təhrik edənlərə qarşı da – valideynləri daxil olmaqla sərt tədbirlər görülməlidir. Maarifləndirmə tədbirlərinə ciddi ehtiyac var. Valideynlərə də başa salınmalıdır ki, erkən yaşda siqaretdən asılılıq bir neçə il sonra gənclərdə yaddaş pozğunluğu, nikotindən asılılıq həddinə çatacaq, bu da narkomaniyaya addım atmaq deməkdir. Yaxşı olardı ki, bizdə də siqaretdən istifadə və siqaret satışı ilə bağlı daha sərt qanunlar qəbul edilsin”. Törə Zeynallı Demokrat.az


