İsrail Hərbi Hava Qüvvələrinin Hizbullahın Livanın cənubundakı silah anbarlarını hədəfə alması ciddi münaqişə riskini artırıb. Bu da İsrailin Livana qarşı hərbi əməliyyatlarının yaxın günlərdə müharibəyə çevriləcəyini düşünməyə əsas verir. İsrail və Livan arasında gərginləşən münasibətlər Türkiyəni də narahat edib.
Bəs, bölgədə gərginləşən münasibətlər yeni cəbhələrdə müharibə riskini artıra bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Elşən Manafovbildirib ki, Ərdoğanın sözləri İsrail xalqına və dövlətinə deyil, Netanyahu hökumətinə qarşıdır.
Elşən Manafovun sözlərinə görə, Qərb ilə xüsusi münasibətlərə malik olan müsəlman ölkəsi və NATO dövləti olaraq Ərdoğanın Netenyahu hökumətinə münasibəti kökündən fərqlənir. Güman etmirəm ki, Ərdoğan İsrail ilə birbaşa münaqişəyə gedəcək:
Netanyahu keçən ilin oktyabrından bəri HƏMAS-a qarşı apardığı müharibədə onun müqavimət əzmini qıra bilmədi. Savaşın uzanması İsraildə Netanyahu hökumətinə olan etimadın zəifləməsinə gətirib çıxardır. Eyni zamanda İsrailin müharibə və maliyyə xərcləri artır. Bu da əlbəttə ki, əhalinin ciddi narazılığına səbəb olur. Digər tərəfdən Netanyahu əslində özü Hizbullahın bu müharibəyə cəlb edilməsində maraqlı idi. O konteksdə Hizbullahın müharibəyə sürüklənməsi ilə Netanyahu İsrailin təcazüvə məruz qaldığını dünya ictimaiyyətinə, ABŞ-ın timsalında öz müttəfiqinə çatdırmalı idi. Əslində Netanyahunun ABŞ-a səfəri bundan irəli gəlirdi. Netanyahu başa düşür ki, ABŞ-da Trampın iqtidara gəlməsi Ukrayna böhranına, istərsə də Yaxın Şərqdə yaşanan hadisələrdə kəskin dəyişiklik yaradacaq. Netanyahu ilə görüş zamanı Trampın ona əl uzatmaması əslində buna dəlalət edən mühüm amillərdən biridir. Nəzərə almaq lazımdır ki, artıq Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu ilə bağlı qəbul etdiyi qərar var. Bu qərara görə, Netanyahu Beynəlxalq Birlik qarşısında cavab verməli və məsuliyyətə cəlb olunmalıdır. Bu da dünyada İsrailə olan etimadın azalması fonunda Netanyahunu özünü sığortalaması üçün əlavə tədbirlər görməyə məcbur edir.
HƏMAS-a qarşı aparılan müharibə İsrailə baş ucalığı gətirmədi. Əksinə, İsrailin Avropada olan bir sıra müttəfiqləri hətta Fələstinin müstəqilliyinin tanınmasına getdilər. Bu da Netanyahu hökumətini Hizbullahın timsalında İsrail və ABŞ-ni bölgədəki maraqları üçün təhlükə təşkil edə biləcək bir qüvvənin olduğu ilə bağlı ismarıc verməyə məcbur edirdi.
Hazırda İran prezidenti Məsud Pezeşkian Fransa prezidenti Makron ilə telefon danışığında qeyd edir ki, İsrail Hizbullaha və Livana qarşı hər hansı bir münaqişədən çəkinsə, bu, bölgədəki dövlətlərin maraqlarına cavab verə biləcək bir amil ola bilər. Əks halda İsrail öz hərəkətlərinə görə cavab verəcək. Bu isə onu göstərir ki, Hizbullaha qarşı hərbi əməliyyatların başlanacağı təqdirdə İran kənarda qalmayacaq və ABŞ-ni də narahat edən amil bundan ibarətdir. Çünki Bayden iqtidarı hər vəclə Netanyahunu Hizbullaha qarşı, o cümlədən Misirdə Refaha qarşı açıq hücumlardan çəkindirirdi. Çünki bu, bölgədəki siyasi elitaların ciddi narazılığına və ABŞ-nin ərəb dövlətləri arasında nüfüzunun itirməsinə gətirib çıxara bilər. Netanyahu, ümumiyyətlə, bölgədə NATO-ya bənzər alternativ bir qurumun yaradılması ideyası ilə çıxış etdi. ABŞ-nin bölgədə ərəb dövlətlərinin əksəriyyətində hərbi bazaları var.
Güman etmirəm ki, ABŞ-də Netanyahunun bu təklifinə müsbət yanaşacaqlar. Çünki bu bazalar olduğu təqdirdə orda əlavə NATO kimi hərbi bazanın yaradılmasına ehtiyac yoxdur. Ərdoğan HƏMAS-ı terrorçu təşkilat kimi yox, siyasi təşkilat kimi qəbul edir. O, hər zaman Fələstin xalqının azadlıq uğrunda mübarizəsini dəstəkləyib. Ancaq güman etmirəm ki, Ərdoğan İsrail ilə birbaşa münaqişəyə gedəcək. Çünki bu Türkiyənin NATO ilə onsuz da gərgin olan münasibətlərində Ərdoğan iqtidarı üçün lazım olmayan tendensiyaların yaranmasına gətirib çıxara bilər.
Bötövlükdə isə hələlik Ərdoğan Avropa Birliyinin, Qərbin, Fransa iqtidarının İsrailə və Netanyahu hökumətinə olan münasibətini nəzərə alır. Diplomatik təzyiqlər yolu ilə İsraili Hizbullaha qarşı mühaharibədən çəkindirməyə çalışır. Amma bütövlükdə İsrailin Hizbullaha qarşı müharibəyə başlama ehtimalı ərəb dövlətlərinin, o cümlədən, İranın bu müharibəyə cəlb olunma ehtimalını artırır. Bu da bölgədə üçüncü dünya müharibəsinin başlanması anlamına gəlir. Bu halda Rusiya və Çinin ABŞ-nin müttəfiqinə qarşı çıxış edəcəkləri birmənalıdır. Bu qarşıdurmada Ərdoğanın BRICS və Şanxay ƏməkdaşlıqTəşkilatına meylini nəzərə alsaq, bu qarşıdırmada artıq Türkiyə onların tərəfində İsrailə qarşı çıxış etməli olacaq”.
Əfsanə Rəcəb Demokrat.az


