Venesueladakı müxalifət Milli Seçki Şurasının (CNE) açıqladığı seçki nəticələrini qəbul etməyəcəklərini bəyan edib.
Demokrat.az xəbər verir ki, paytaxt Karakasdakı partiya qərargahında mətbuata açıqlama verən müxalifət koalisiyasının Birləşmiş Demokratik Platformasının (PUD) namizədi Edmundo Qonzalez seçki nəticələrini rədd etdiklərini söyləyib.
Adlarını çəkmədən Milli Seçki Şurasını hədəf alan Qonzales, "Onlar bütün qaydaları pozdular. Venesuelalılar və hər kəs nə olduğunu bilir" deyib.
Müxalifət lideri Maria Korina Maçado da seçkiləri 70 faizlə qazandıqlarını iddia edib.
Maçado, "Biz bütün dünyaya elan etmək istəyirik ki, Edmundo Qonzales ölkənin yeni seçilmiş prezidentidir. Hər kəs qalib gəldiyimizi bilir" deyib.
Səs qutusunun protokollarına görə seçkini "əzici" səs çoxluğu ilə qazandıqlarını iddia edən Maçado, "CNE-nin bu nəticələri haradan əldə etdiyini bilmirik. Qonzales yüzdə 70, Maduro isə yüzdə 30 səs aldı. Bu, tarixdəki ən yüksək iştiraklı seçkidir" deyə qeyd edib.
Maçado venesuelalılardan seçki qutularını qorumalarını istəyib və bir neçə gün ərzində nə edəcəklərini ictimaiyyətə açıqlayacaqlarını bildirib.
CNE prezidenti Elvis Amoroso hazırkı prezident Nikolas Maduronun prezident seçkilərində qalib gəldiyini açıqlayıb.
Zehra Məmmədova Demokrat.az


