Gündəm Özəl

“Ailə quran gənclər bəlkə də bir-birini sevir...” — Cərimələrin mənfi nəticələri ola bilər

“Ailə quran gənclər bəlkə də bir-birini sevir...” — Cərimələrin mənfi nəticələri ola bilər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən bir sıra dəyişiklikləri təsdiqləyib. Yeni maddəyə əsasən yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək. Fiziki, vəzifəli və hüquqi şəxslər üçün cərimələrin miqdarı müəyyənləşdirilib. 16 yaşına çatmayanlarla nişanlanan şəxslər də 2 min manat cərimələnəcək, həbs olunacaq.Qanunlar 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Məsələyə münasibət bildirən hüquqşünas Əsabəli Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, bəzən insanların qanuna edilən dəyişikliklərdən xəbərləri olmur:

“Ailə quran gənclər bəlkə də bir-birini sevir...” — Cərimələrin mənfi nəticələri ola bilər

“Yəqin ki, şadlıq evləri yetkinlik yaşına çatmayanların məclislərinin keçirilməsindən imtina edəcək. Rayon yerlərində isə kimsə cərimədən xəbəri olmadan evində toy, nişan keçirə bilər. Yaxşı olar ki, fiziki şəxslərə aid cərimənin miqdarı azaldılsın, çünki məqsəd onsuz da aydındır. Qanunu izah etmək, ailəyə xəbərdarlıq etmək olar. Ağır cəza tətbiq edilməsini düzgün hesab etmirəm. Ailə quran gənclər bəlkə də bir-birini sevir, bir-iki ildən sonra zatən evlənəcəklər. Külli-miqdarda cərimə ailələr arasında söz-söhbət sala bilər, iki gəncin taleyindən söhbət gedir, gələcəkdə onlar da bir-birini, ailələrini bu məsələdə günahlandıra bilər. Məlumatlandırma aparılsa, əhali arasında yaxşı olar, xüsusilə də televiziyalarda. Bir müddət sonra insanlar artıq erkən nikahlardan imtina edəcəklər, 18 yaşı tamam olmamış qızların ərəb verilməsi cəmiyyətdə geniş tənqidlərə səbəb olacaq. Cərimələr bəzən əks effekt verə bilir. Rəsmi nikah da olmasa yenə də qeyri-rəsmi ailə quranlar olacaq. Bu da gələcəkdə daha böyük münaqişələrə yol aça bilər. Ailələr nikahsız qurulacaq, bu nikahlardan doğulan uşaqlar olacaq. Qadınlar xəstəxanada doğum edə bilməyəcək, boşanarkən aliment ala bilməyəcəklər, mülk davaları ortaya çıxacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova