Sosial Özəl

Bu il hansı ixtisaslara maraq yüksəkdir? — Ekspert AÇIQLADI

Bu il hansı ixtisaslara maraq yüksəkdir? — Ekspert AÇIQLADI

Avqust ayında abituriyentlər üçün ixtisas seçiminin başlayacağı gözlənilir. Uzun illərdir abituriyentlərin maraq göstərdiyi bir çox sahələr eyni olaraq qalır. Bununla belə əmək bazarında yeni çağırışlar bəzi ixtisaslara marağı artırıb.

Təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında deyib ki, hər ixtisas qrupu üzrə abituriyentlərin daha çox maraq göstərdiyi müəyyən ixtisaslar var:

Bu il hansı ixtisaslara maraq yüksəkdir? — Ekspert AÇIQLADI

“Birinci ixtisas qrupu üzrə kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları ixtisaslarına maraq daha yüksəkdir. Müəllimlik ixtisası istənilən qrupda hər zaman dəbdədir. Artıq müəllimlərin işə qəbulu şəffaf aparılır, test yolu ilə imtahan keçirilir. Müəllimlik ixtisasını seçən abituriyent artıq bilir ki, gələcəkdə onların işi var, bu özlüyündə müsbət haldır. İkinci ixtisas qrupunda maraq oyadan ixtisaslar iqtisadiyyat, maliyyə yönümlüdür. Mühasibat, davamlı inkişafın idarə olunması, dövlət və bələdiyyə idarəetməsi ixtisaslarına tələb yüksək olur. Üçüncü ixtisas qrupunda abituriyentlərin ən çox qəbul olmaq istədikləri ixtisas həmişəki kimi yenə də hüquqşünaslıqdır. Keçid balı ən yüksək olan ixtisas da hüquqşünaslıqdır. Dövlət və ictimai münasibətlər ixtisası da son illərdə marağa səbəb olub. TC alt qrupunda beynəlxalq münasibətlər ixtisasına da maraq hər zaman yüksəkdir, bu il də belə olacaq. keçid balı da kifayət qədər yüksək olacaq. Dördüncü ixtisas qrupundan imtahan verənlər ən əsas Tibb Universitetinə daxil olmaq istəyənlərdir. Xüsusilə stomatologiyaya maraq son illərdə daha çox artıb. Fizioterapiya, ictimai səhiyyə ixtisaslarına da maraq var. Tibb bacısı ixtisası elə də aktual olmasa da keçid balı az deyil.

Son illərdə psixoloq olmaq istəyənlərin və bu ixtisası seçənlərin sayında da artım görürük. Beşinci ixtisas qrupunda isə ən çox maraq oyadan sahələr dizaynerliyin müxtəlif istiqamətləri, interyer qrafika və idman sahəsidir.

Kolleclərdə maraq göstərilən ixtisaslar isə daha çox abituriyentlərin subbakalavr kimi ali məktəblərə qəbul olacağı ixtisaslardır. Burada kompüter yönümlü ixtisaslar, həmçinin iqtisadiyyat əsaslı qrupa daxil olan ixtisaslar – mühasibatlıq, maliyyə işi, menecment, bank işi, vergi və vergitutma ixtisaslarına maraq var. Bu il adını çəkdiyim ixtisasların keçid balının yüksək olacağı qaçılmazdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova