“Azərbaycanın müstəqil siyasi gündəmi var. Həm Qərblə, həm Şərqlə ciddi siyasi-iqtisadi əməkdaşlıq strategiyası həyata keçirilir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusu ilə bağlı müraciət etməsi ölkəmizin həm Çinlə, həm də təşkilata üzv digər dövlətlərlə əməkdaşlığının şaxələndirilməsi ilə nəticələnəcək”.
Bu fikirləri Demokrat.az- açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, bu, ŞƏT-in genişləndirilməsi və Azərbaycanın beynəlxalq müstəvidə etimadının artmasına təkan verəcək:
“Düşünürəm ki, Azərbaycanın beynəxalq təşkilatlarda təmsil olunmaqla bağlı geniş təcrübəsi var. Bu təcrübə ŞƏT-in inkişafına töhfə verəcək. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq aləmdə öz imicini yetəri qədər yüksəldib. Azərbaycanın ŞƏT-də müşahidəçi status qazanması təşkilat ölkələrinin Cənubi Qafqaz regionunda iqtisadi maraqlarını həyata keçirməsinə də şərait yaradacaq. Hesab edirəm ki, ŞƏT-də müşahidəçi statusla üzv olmaq həm Azərbaycana, həm də təşkilata perspektivdə fayda qazandıracaq”.
Qeyd edək ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunun müşahidəçi ölkəyə dəyişdirilməsi ilə bağlı müraciət edib.
Törə Zeynallı Demokrat.az


