Azərbaycanda boşanma halları sürətlə artmağa davam edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk beş ayı ərzində ölkədə 17 448 nikah və 8 795 boşanma hall qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə nikahların azaldığını, boşanmaların artdığını göstərir.
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva Demokrat.az-a açıqlamasında boşanmaların artmasının bir çox səbəblərlə bağlı olduğunu deyib:
“Sevgisiz qurulan ailələrdə bir-birinə güvən, hörmət, səmimiyyət olmur. Belə olduqda tərəflər çox vaxt bir-birini başa düşmür. Bu da əvvəlcə psixoloji zorakılığa gətirib çıxarır və getdikcə fiziki zorakılığa çevrilir. Boşanmaların artmasının daha bir səbəbi də sosial vəziyyətdir. Maddi sıxıntılar bəzi qadınları boşanmağa məcbur edir. Gənc ailələrə kənar müdaxilələr də boşanmalara gətirib çıxarır. Bəzən gənclər qısa müddət ərzində tanış olub evlənməyə qərar verirlər.
Əlbəttə ki, belə olduqda onların bir-birini tanımasına vaxtları olmur. Ailə qurduqdan sonra söz-söhbətlər başlayır, bir-birini başa düşməyən iki insan sonda boşanmağa qərar verir. Boşanmaların artmasının süni səbəbləri də var. Müəyyən sosial yardımlar almaq üçün insanlar boşanırlar”.
QHT sədri qeyd-edib ki, boşanan qadınlar arasında sığınacaqlara yerləşənlər də var:
“Bəzi ailələr boşanmış qızlarını qəbul etmirlər, qarşı tərəf tərəfindən təhdid olunurlar. Onlar da son çarə olaraq sığınacaqlara üz tuturlar. Sığınacağa üz tutan qadınlar evsizlikdən, işsizlikdən əziyyət çəkirlər.
Ev həyat yoldaşının adınadırsa, boşanan qadın evi tərk etməli olur. Ailəsi, yaxın qohumları isə ona kömək etməkdən boyun qaçırır. Qadın uşağı ilə küçədə qalır. Hər qadını da sığınacaqlar qəbul etmir. Sığınacağa yerləşmək üçün əsaslı səbəblər olmalıdır. Məişət zorakılığa ilə üzləşən, ailəsi tərəfindən yardım görməyən qadınlar polislər tərəfindən sığınacağa yerləşdirilir. Çünki belə qadınlar insan alverinin qurbanı ola bilər. Sığınacaqdakı qadınlar müəyyən reabilitasiya prosesi keçdikdən sonra işlə təmin olunurlar. Özlərinə kirayə ev tutub yeni həyata başlaya bilirlər. Sığınacaqların məqsədi qadınların təhlükəsizliyini qorumaqdır”.
Törə Zeynallı Demokrat.az


