Azərbaycan BRİCS təşkilatına üzv ola bilər. VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin X Parlament Forumunun plenar iclasında çıxışı zamanı Azərbaycanın bu istəyini diqqətə çatdırıb. S.Qafarova bildirib ki, Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir: “Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə, bu, BRİCS-lə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib. Parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək”.
Məsələyə münasibət bildirən politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlamasında qeyd edib ki, BRİCS önəmli təşkilatdır və ona üzv ölkələrin dünya siyasətində xüsusi çəkisi var: “Qoşulmama Hərəkatı kimi BRİCS də Azərbaycan üçün uğurlu platforma ola bilər. Düşünürəm ki, Azərbaycanın bu təşkilata üzv olmalıdır. Azərbaycan BRİCS-dən öz maraqlarını ifadə etmək üçün istifadə edə bilər. Xüsusən də II Qarabağ müharibəsindən sonra Qərbin və ABŞ-nin Azərbaycana qarşı açıq düşmənçiliyini nəzərə alsaq, deməliyik ki, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, BRİCS kimi platformalardan Azərbaycan yararlanmalıdır. Şərqlə əməkdaşlıq genişləndirilməlidir, nəinki Avropa siyasətinin başında duran Borrel, Makron, Şolts, Ursula fon der Leyen kimi mənasız simalarla. Kiçik bir nümunə - Macarıstan lideri Orban Şuşada TDT-nin Zirvə toplantısında iştirak etdi. Bunu bəzi Avropa liderləri narazılıqla qarşıladılar. Macarıstan müstəqil dövlətdir, kimlərlə əməkdaşlıq edir özü bilər. Bu cür yersiz müdaxilələr Avropa dövlətlərinin dövlət və hökumət başçılarını sadəcə olaraq nüfuzdan salır və onlarla əməkdaşlığın faydasız olduğunu göstərir”.
Törə Zeynallı Demokrat.az


