Gürcüstanda parlament seçkisi yaxınlaşdıqca, Qərb və Gürcüstan hakimiyyəti arasında gərginlik artmağa başlayıb. Dünən Avropa İttifaqı (Aİ) rəhbərliyi Gürcüstanın təşkilata inteqrasiya prosesinidayandırmaqqərarına gəldiyini açıqlayıb.
Bəs, Gürcüstan Qərbin artan sanksiyaları qarşısında hansı addımları atmalıdır?
Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, bütün bunlar Gürcüstan üzərindən Cənubi Qafqazda nə qədər məkrli oyunların getdiyini açıq şəkildə biruzə verir.
İlyas Hüseynov qeyd edib ki, Gürcüstanda cərəyan edən hadisələr Qərbin və Rusiyanın bu ölkə üzərində mübarizə apardığını göstərir:
“Gürcüstan prezidentinin xarici agentlər haqqında qanuna veto qoymasına baxmayaraq, Gürcüstan parlamenti qanunun qəbul olunmasına nail oldu. Artıq qeyri-hökumət təşkilatları sektoruna şəffaflığın gücləndirilməsi, nəzarətin artırılması, bir qədər də güclənəcək. Bütün bunlar Gürcüstanın Avropaya gedən yolunu bağlayan amil kimi qiymətləndirilir. Avropa İttifaqı vizanın liberallaşdırılması ilə bağlı məsələyə yenidən baxacağını bildirir. Belə görünür ki, ümumilikdə, inteqrasiya ilə bağlı layihələrlə, kreditlərlə bağlı məsələlər ertələnəcək.
İstənilən halda Qərb Gürcüstan üzərində təsirini əldə saxlamağa çalışır. Gürcüstanda isə Rusiyanın mövqeləri bir qədər də güclənir. Bu qanunu nə qədər rus qanunu adlandırsalar da, fikrimcə, Gürcüstan öz daxili nəzarət sistemini bir qədər də artırmış oldu və vətəndaş cəmiyyəti sektorunu yad təsirlərdən qorumaq üçün bu addımı atdı.
Qərbin Gürcüstana münasibətdə məhdudlaşdırıcı tədbirlər, sanksiyalar haqqında hədələri də genişdir. Gürcüstanın ardınca dərhal Ermənistanla yaxınlaşma və iş birliyi fəaliyyəti təşkil olundu. Bu da məhz Gürcüstan sonrası Rusiya siyasətini tənqid edən Qərbə doğru əlini uzadan Ermənistan ilə hazırda iş birliyinin nə qədər mümkün olmasını da üzə çıxarmaqdadır. İstənilən halda bu gün qlobal müharibələr fonunda Cənubi Qafqaz uğrunda amansız mübarizə gedir və bu baş verən prosesləri diqqətlə izləmək, milli maraqlarımızın təmin olunması üçün fəaliyyətimizi genişləndirmək tələb olunur”.
Əfsanə Rəcəb Demokrat.az


