Gündəm

"Yeni səfirimiz Ermənistanın işğalçılıq siyasətini vaxtında və düzgün formada Ukrayna tərəfinə çatdıra bilir" — Deputat

Yeni səfirimiz Ermənistanın işğalçılıq siyasətini vaxtında və düzgün formada Ukrayna tərəfinə çatdıra bilir — Deputat

"Bizim münasibətlərimiz ikitərəflidir. Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu, Azərbaycanın xarici siyasətinin uğuru və üstünlüyüdür. Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna tərəfini zamanında məlumatlandırır ki, bizim vətəndaşlarımız Krıma sizin icazəniz olmadan səfər etmirlər. Ona görə də iki ölkə bir-birinin mövqeyinə hörmət edir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elmira Axundova Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Katerina Zelenkonun ölkə vətəndaşlarına Azərbaycan və Gürcüstanın işğal olunmuş ərazilərinə baş çəkməyin yolverilməzliyi tələbi ilə müraciət etməsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, indi Azərbaycan ilə Ukrayna həm beynəlxalq müstəvidə, həm də ikitərəfli formada yaxşı əməkdaşlıq əlaqələri yaradıb:

"Bu əlaqələrin qurulmasında cənab Prezident İlham Əliyevin təyin etdiyi Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin də böyük rolu vardır. Yeni səfirimiz Azər Xudiyev Azərbaycanın mövqeyini və Ermənistanın işğalçılıq siyasətini vaxtında və düzgün formada Ukrayna tərəfinə çatdıra bilir. Mən Azər müəllimə gələcək fəaliyyətində uğurlar arzu edirəm".

E.Axundova qeyd edib ki, bu gün Ukrayna Azərbaycanın taleyini yaşayır:

"Ona görə də Ukrayna bizim dərdlərimizi daha yaxşı başa düşməyə başlayıb. Mən hələ Poroşenkonun prezidentliyi dövründə dəfələrlə onlara erməni işğalı ilə bağlı məsələləri danışmışam. Onlar isə mənə bildiriblər ki, biz artıq Azərbaycanın problemlərini yaxşı anlayırıq. Çünki Ukrayna xalqı olaraqbiz özümüz də o problemləri yaşayırıq. Bu gün bizim Ukraynada çoxlu dostlarımız var. Ona görə də Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətləri davam edir.

Eyni zamanda bildirim ki, Azərbaycan da öz vətəndaşlarına Krıma səfər etmək istəyərkən Ukrayna dövlətindən icazə almağı tövsiyə edir. Rəsmi Bakı hər zaman açıq şəkildə bəyan edir ki, Krıma getmək istəyən insanlar Ukrayna dövlətindən icazə almalıdır. Mən özüm də Krımı, Yaltanı çox xoşlayıram. Çox istəyirəm ki, oralara gedim. Amma Rusiya Krımı ələ keçirəndən sonra bu yerlərə daha mən getmirəm. Yaxşı başa düşürəm ki, Krım Ukraynanın ərazisidir. Mən ora getmək istəsəm, gərək Ukrayna dövlətindən icazə istəyim. Hesab edirəm ki, Ukraynanın işğalçı Ermənistana qarşı bu bəyanatı da Azərbaycanın addımlarına adekvatdır".

Elçin Rizvanoğlu Demokrat.az

D
demokrat.az