Siyasət

Yasamalda çıxarılan ağaclarla bağlı - RƏSMİ AÇIQLAMA

Yasamalda çıxarılan ağaclarla bağlı - RƏSMİ AÇIQLAMA

Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində sakinlər öz təşəbbüsləri ilə yaşıllıq saldılar, ağac əkdilər, lakin yerli icra hakimiyəti orqanlarının əməkdaşları və Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları həmin ağacları çıxardaraq kənara tullayıb.

​

Demokrat.az Correct.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və videogörüntü yayılıb.

Yayılan görüntülərlə bağlı Correct.az saytına açıqlama verən AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, məqsədi bəlli olmayan bir qrup vətəndaşa orada ağac əkilməsinin qanunsuz olduğu bildirilsə də xəbərdarlığımıza məhəl qoyulmayıb və qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşlarımız öz işlərini görüblər:

“Orada ölkə başçısının müvafiq sərəncamına əsasən yol salınır. Həmin yolda bir sıra yol infrastrukturu, eləcə də səkilər yenidən qurulub. Eyni zamanda yolun genişləndirilməsi işləri aparılıb. Bu genişləndirmə zamanı həmin ərazidə yaşayış və qeyri-yaşayış sahələri olub. Onlar qanunvericiliyin tələblərinə uyğun olaraq sökülüb və qanunvericiliyə uyğun şəkildə kompensasiya ödənilib. Həmçinin həmin ərazidə yaşıl zolaq olub, bitilər, ağaclar, kollar. Həmin yaşıllıq isə Ekologiya və Təbii Sərvətlər Naziliryinin əməkdaşlarının iştirakı ilə müvafiq yerlərə köçürülüb.

Bir qrup niyyəti bəlli olmayan vətəndaş gəlib piyada səkilərinin inşa olunduğu yerə qablarda ağac gətirərək basdırıblar. Bizim əməkdaşlar onlara xəbərdarlıq ediblər ki, burada ağac əkmək olmaz. Səbəbləri izzah olunsa da buna məhəl qoymayıblar. Növbəti xəbərdarlıq edilib ki, həmin ağaclar o ərazidən, səkilərin yerləşdiyi ərazidən çıxarılsın. Videoda da açıq-aydın görünür ki, həmin yola daşlar tökülüb ki, asfaltlanma işləri görülsün. Lakin buna da məhəl qoyulmayıb. Bizim əməkdaşlarımız isə məcburiyyət qarşısında qalıb ağacları çıxarıblar.

Həmin vətəndaşların məqsədlərini heç birimiz bilmirik. Hətta öncədən videogörüntüyə də alıblar həmin anları, dərhal da müvafiq xəbər saytlarına, agentliklərinə göndəriblər. Əgər həmin vətəndaşların məqsədi həqiqətən də yaşıllaşdırma işləri görməkdirsə, niyə bunu səki üzərində edirlər? Bunun üçün kifayət qədər boşluq sahələr var. Biz bu məsələdə qanunun tələblərinə uyğun şəkildə, xəbərdarlıq edərək davranmışıq. Həmin ağaclar isə yerindən çıxarılarkən videodan da aydın görünür ki, yenicə əkilmişdi”.

Yayılan həmin görüntüləri oxucularımıza təqdim edirik:

D
demokrat.az