Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib. Nöqsanlar aşkarlanmış dondurmaların hələ də satışda olması ictimaiyyətdə narahatlıq yaradıb. Qurumdan bildirilib ki, həmin məhsulların satışdan geri çağırılması ilə bağlı proses gedir: "AQTA-nın sözügedən məlumatında konkret istehsal tarixli məhsul partiyasından söhbət gedirdi. Həmin istehsal tarixli məhsulların satışdan geri çağırılması ilə bağlı proses gedir. Yaxın günlərdə bununla bağlı rəqəmlər də açıqlanacaq", qurumun məlumatında bildirilir.
Qida mütəxəssisi Ağa Salamovun sözlərinə görə, AQTA nöqsanlar aşkar edilmiş dondurmaların satışdan çıxarılması işini davam etdirir və mütəmadi olaraq monitorinqlər aparır.
Ekspert Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:

"Əgər bir markanın dondurmasında bakteriyalar aşkarlanıbsa, bu o demək deyil ki, həmin markaya aid bütün dondurmalar yararsızdır. Burada partiya məsələsidir. Ola bilər ki, bir partiya məhsul mikrobioloji çirklənməyə məruz qalıb. AQTA bu gün qida təhlükəsizliyinə ciddi yanaşır, insanların sağlamlığının qeydinə qalır. Əgər bir partiya dondurmada bakteriya aşkarlanıbsa, ikinci partiyada nöqsanlar aradan qaldırıla bilir. Gigiyena qaydalarına riayət olunur, avadanlıqlar yuyulur, təmizlənir, istehsalat prosesinə nəzarət artır, işçilər arasında maarifləndirmə gücləndirilir. Yəni, alıcılar həmin markanın dondurmalarını yenə də ala bilərlər. Burada məsuliyyət birbaşa istehsalçının üzərinə düşür. Qida məhsullarının qida zəncirində mikrobioloji çirklənməyə məruz qalmaması üçün addımlar atılmalıdır. Xammal düzgün şəkildə qəbul olunmalı və qida düzgün istehsal olunmalıdır. Məhsulun saxlanması, daşınması da uyğun şərtlər altında həyata keçirilməlidir. Bu qaydalara riayət olunmaması kütləvi zəhərlənmələrə gətirib çıxara bilər. İstehsalçılar sadalanan qaydalara ciddi əməl etməlidirlər. İşçilərə də bu barədə təlimlər keçirilməlidir".
Törə Zeynallı Demokrat.az


