Bu gün məktəblərdə “Son zəng” qeyd olunur, minlərlə gənc artıq məzundur. Tələbə adı qazanan bir çoxu sentyabr ayında universitetə gedəcək, tələbəlik həyatına başlayacaq. Bu günün məktəblisi, sabahın tələbəsi, gələcəyin kadrları olan gənclik həyatına qədəm qoyan məzunların indiki məqamda faydalı tövsiyələrə ehtiyacı var. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında gənclərlə öz tövsiyələrini və təcrübəsini bölüşüb. Ekspert deyir ki, gənclər universitet amilinə taleyüklü məsələ kimi deyil, həyatın müəyyən bir dövrü üçün lazımlı bir amil kimi baxmalıdırlar:
“Bu gün məzunlar sevinirlər, şənlənirlər, bəli, bu onların haqqıdır, amma daxillərində bir gərginlik də var ki, universitetə qəbul ola bilməsək, görəsən nə olacaq. Lakin əvvəlki dövrlərlə müqayisədə indi gənclər daha rahatdırlar, özlərini daha sərbəst ifadə edə bilirlər, azaddırlar. Bu cür gənclikdən biz parlaq gələcək gözləyə bilərik. Savad, bacarıq, nəzəri bazanı mənimsəmək məsələnin yalnız müəyyən bir hissəsidir. Bunu praktikada həyata keçirmək üçün isə sadaladığım keyfiyyətlər olmalıdır. Məzunlara məhz belə qalmalarını tövsiyə edərdim. Universitet həyatında, iş həyatında, akademik, işgüzar mühitdə də rahat olmaq lazımdır, xoşbəxt qalmağı bacarmaq lazımdır. Bu sözlər heç də ədəbiyyat, pafos deyil. Özünü xoşbəxt hesab etməyən şagird, tələbə uğurlu ola bilməz dünyanın harasında oxuyursa, oxusun”.

Elmin Nurinin fikrincə, xoşbəxtliyi böyük, əlçatmaz şeylərdə axtarmaq lazım deyil:
“Əgər sərbəst, azad ola bilirsənsə, çatmaq istədiyin pilləyə çatmısansa, demək xoşbəxtsən. Məzunların bəziləri artıq qəbul imtahanlarında uğurlu nəticə qazanıb, bəziləri isə təkrar imtahan verəcəklər. İmtahanlarını bitirənlər artıq istirahətlərinə diqqət etməlidirlər. Tövsiyə edərdim ki, artıq karyera paketlərini hazırlamağa başlasınlar. İxtisas seçimində diqqətli olsunlar, düşünsünlər ki, bu ixtisas onların daxili aləmləri ilə nə dərəcədə uyumludur. Artıq 1-ci kursda nə edəcəklərini indidən planlamalıdırlar. Bunun üçün geniş internet resursları var, araşdırma aparmalı, mövcud imkanlardan istifadə etməlidirlər. Süni intellektlə işləməyi bacarmaq artıq dövrün tələbinə çevrilib. Yeni biliklər əldə etmək üçün boş vaxtın olmasını gözləmək lazım deyil. Xarici dil biliklərini, kompüterdə, ofis proqramlarında işləmək bacarıqlarını təkmilləşdirsinlər. İş dünyası bu gün ingilis dilini bilən və “excel” proqramında işləməyi bacaran şəxsləri axtarır, nəinki qırmızı diplomluları”.
Törə Zeynallı Demokrat.az


