“Ümummilli lider Heydər Əliyev 15 iyuna gələn yolu xilas etdiyi kimi, 15 iyundan sonra da şərəfli bir tarixin əsasını qoydu. Ulu öndər illərlə rəhbərlik etdiyi xalqının ən çətin günlərində onun yanında oldu. Heç bir təhlükə və heç bir təhdid onu yolundan döndərə bilmədi. Heydər Əliyev dağılmaq təhlükəsi ilə üz-üzə dayanan dövlətimizin sükanı arxasına keçdi və bu yolda əngəl olan bütün maneələri öz zəngin təcrübəsi və bacarığı ilə aradan qaldırdı”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisi deputatı Anar İsgəndərov deyib. 15 iyun Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətindən bəhs edən millət vəkili qeyd edib ki, Sovet dövlətinin süqutundan sonra Heydər Əliyev Moskvada yox, Azərbaycanda öz xalqının yanında olmaq istəyirdi:
“1990-cı il 20 yanvar qırğını göstərdi ki, Azərbaycan xalqı köməksiz vəziyyətdədir. Xalqın tələbi ilə hakimiyyətin istəyi üst-üstə düşmürdü. Düşmən tərəf öz havadarlarının gücündən istifadə edərək Azərbaycanın tarixi torpaqlarına sahib olmaq istəyirdi. Hakimiyyət bunları fikirləşə bilmir, Heydər Əliyevin Azərbaycana dönüşünü əngəlləmək üçün planlar hazırlayırdı. Azərbaycandan uzaq düşən Naxçıvan ağır blokada həyatı yaşamaqda idi. Heydər Əliyev Naxçıvanın harayına çatdı, bütün çətinliklərə baxmayaraq, əhalini ağır vəziyyətdən qurtara bildi. Qısa müddət ərzində qonşu dövlətlərlə səmimi münasibətlər qurmağa nail ola bildi. Muxtar respublikanın əhalisini inandıra bildi ki, Naxçıvanın bir qarış torpağını düşmənə güzəştə getməyəcək. Bakıda hakimiyyət uğrunda mübarizə qızışan vaxtda Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin bərpası haqqında Naxçıvan Ali Məclisinin qərarını qəbul etdi”.
Tarixçi deputatın sözlərinə görə, Azərbaycan xalqı 1993-cü ilin yayında çətin günlərini yaşayırdı:
“Düşmən Şuşanı, Laçını, Kəlbəcəri işğal etdi, Qarabağ və ətraf rayonlar üçün böyük təhlükə yarandı. 20 yanvar qırğınının mahiyyətini dünyaya çatdırmamış, Xocalı soyqırımını yaşamağa məcbur edildik. Vətəndaş müharibəsinin ilk işartıları Azərbaycanı təhdid etməyə başladı. Hakimiyyət hərisləri ölkəni parçalanmaq və işğal təhlükəsi ilə üz-üzə qoydular. Hamı, hətta siyasi hakimiyyət də ümidini Naxçıvana bağlayır və nicat yolunu orada axtarırdı. Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanı qurtarmaq üçün Bakıya gəldi. O çətin dövrdə, çətin vəziyyətdə onun nə silahı, nə ordusu, nə də dəstəsi var idi. Yalnız siyasi iradəsi, bir də xalqın inamı, dəstəyi var idi. O, bu dəstəyə arxalanaraq, on il ərzində Azərbaycanı böhrandan tərəqqiyə gətirdi. Bu gün Azərbaycan inamla irəliləyir, Azərbaycanın bütün sahələri inkişaf edir”.
Törə Zeynallı Demokrat.az


