Gündəm Özəl

“Zorla qadına hicab bağlatmaq, namaza məcbur etmək olmaz” — İlahiyyatçıdan SƏRT AÇIQLAMA

“Zorla qadına hicab bağlatmaq, namaza məcbur etmək olmaz” — İlahiyyatçıdan SƏRT AÇIQLAMA

Cəmiyyətimizdə dini məsələlərlə bağlı problemlərdən biri də bəzi ailələrdə qadınların hicab taxmağa məcbur edilməsidir. Ailə qurarkən hicabsız, namaz qılmayan, oruc tutmayan qadın ailə qurduqdan bir müddət sonra yoldaşı tərəfindən bunları etməyə məcbur edilir. Hətta bu məcburetmə bir sıra hallarda ailədə söz-söhbətə də səbəb olur.

İlahiyyatçı Tural İrfan Demokrat.az-a açıqlamasında bildirib ki, dində məcburiyyət yoxdur.

Onun sözlərinə görə, belə halların olması dinin düzgün təbliğ olunmaması ilə bağlıdır:

“Dinin elmi, mədəni, sosial yönləri düzgün təbliğ edilməyib vaxtilə. Xaricdə oxuyub gələnlər də oxuduqları radikal ölkələrin din modelini gətirib yayıblar. Ona görə cəmiyyətdə belə hallar çoxdur.

Ümumiyyətlə, dində bütün ibadətlər, ayinlər könüllüdür, vacib olmaqla yanaşı məcburi də deyil. Məcbur etmək, zor tətbiq etməklə dini qəddar obrazda təqdim edənlər günah edirlər. Zorla qadına hicab, niqab bağlatmaq, namaza, oruca məcbur etmək olmaz. Tövsiyə ilə, maarifləndirmə ilə, rəğbət, məhəbbət yaradaraq etmək olar.

İslamda qadınların abırlı, ismətli geyimdə olmaqları əmr olunur. Bu da qadınların özlərinin başqaları tərəfindən narahatlıqlara məruz qalmamaları üçündür. Ancaq bununla yanaşı məcburi olaraq dini hökmü başqasına tətbiq etmək Quranın vəhy məntiqinə ziddir.

İslam fəlsəfəsinə uyğun olan odur ki, insanlar ən təmiz, ən gözəl geyimdə olmalı, əcaib, açıq-saçıq, həddən artıq dar, insana yaraşmayan libaslar geyməməlidirlər. Normal, dövrə uyğun, mədəni, sivil, kübar üsulda, müsəlmana yaraşan libaslar geyinməlidirlər.

Əgər nikah bağlanmasından əvvəl ər qadına hicab bağlayacağını şərt edibsə, qadın da söz veribsə, gərək sözünə əməl etsin, əhdə vəfadar olsun. Yox söz verməyibsə, yaxud heç o barədə sözləşmə olmayıbsa, onda kişi məcbur edə bilməz. Qadağalar, sərhədlər, sıxma-boğmalarla dinə qarşı insanlarda ikrah hissi yaratmaq lazım deyil”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az