ABŞ İsrail və HƏMAS-a atəşkəs əldə olunmasını təklif edib. ABŞ dövlət katibi Antoni Blinken İsrailin fövqəladə hərbi kabinetində nazir Benni Qantz və yəhudi dövlətinin müdafiə departamentinin rəhbəri Yoav Qalantla telefon danışığında bildirib ki, HƏMAS hərəkatı atəşkəs və girovların azad edilməsi təklifini dərhal qəbul etməlidir. Blinken hesab edir ki, bu təklif İsrailin uzunmüddətli təhlükəsizlik maraqlarına, o cümlədən İsrail-Livan sərhədində sakitliyin təmin edilməsi, israillilərin öz evlərinə qayıtmasına imkan yaratmaq imkanına xidmət edir.
“World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova Demokrat.az-a açıqlamasında deyib ki, İsrail-Fələstin müharibəsinin şiddətli dərəcəyə çatmasının səbəbkarı ABŞ-dir:
“Amerika İsrailə böyük dəstək verir və digər dövlətlərdən də bunu tələb edir. Lakin artıq bəzi Avropa dövlətləri Fələstin dövlətini tanımaqla bağlı açıqlamalar verir. Müharibənin gündən-günə şiddətlənməsi Yaxın Şərqdəki gərginliyi artırır. Amerika isə İsraili durdurmaq niyyətində deyil. HƏMAS bundan öncə də təklif etdi ki, atəşkəs əldə olunsun. İsrail bununla razılaşmadı. Baş verənlər İsrail və Amerikanın müsəlmanlara qarşı biganəliyini göstərir. Amerika tərəflər qarşısında atəşkəsin əldə olunması, əsirlərin geri verilməsi kimi tələblər qoyub. Hesab etmirəm ki, Amerika prezidenti və rəsmiləri tərəfindən verilən bəyanatlar müharibənin səngiməsinə gətirib çıxaracaq. Çünki İsrail və HƏMAS-ın öz hədəfləri var. Açıq görünür ki, Amerikanın addımları da daxili siyasətə hesablanıb, insanların taleyi onu maraqlandırmır”.
Törə Zeynallı Demokrat.az


