“Respublikanın böyük şəhərlərində, əsasən də Bakıda torpaq sahələrinin qiymətlərində hər il artım müşahidə olunur. Xüsusən də bahalaşmanın müşahidə olunduğu bəzi ərazilərdə boş torpaq sahələri azaldığına görə tələbat daha çox artır”.
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, artıq Bakının mərkəz ərazilərində torpaqların bir sotu hətta 400-500 min manat, bəzi ərazilərdə isə hətta 1 milyon manata qədər artıb:

“Təbii ki, bu, daha çox qeyri-yaşayış sahələri üçün nəzərdə tutulur. Bu əmlakların icarə qiymətləri daha çox gəlir gətirir. Həmin ərazilərdə torpaqların həcmi böyük olmur. Tələbatın artması səbəbindən həmin torpaqların qiymətlərində mütamadi olaraq artımlar müşahidə olunur.
Təbii ki, qiymətləri artıran digər amillər də var. Bəzi şəxslər istədikiləri yerdə torpaq sahəsi olmadığına görə ona yararlı olan ərazilərdən torpaq alıb, onu hər hansısa bir qeyri-yaşayış obyektinə çevirirlər. Bu səbəbdən artıq Bakının mərkəz ərazilərində torpaq sahələri demək olar ki, qalmayıb.
Torpaq əldə etmək istəyən şəxslər məcburən yaşayış məntəqələrini, yaşayış evlərini, hətta bəzən bir neçə mərtəbəli binaları alaraq orada işlərinə davam edirlər. Beləliklə xərclərin çox olması səbəbindən qiymətlərdə də ciddi şəkildə artımlar müşahidə olunur”.
Törə Zeynallı Demokrat.az


