İsti hava və günəş şüaları dəriyə mənfi təsir göstərir. Xüsusilə uşaqlar, açıq dərili insanlar və dəri xəstəlikləri olanlar bu dövrdə daha diqqətli olmalıdırlar. Bəs yayda sağlam dəri üçün nə etmək lazımdır?
Demokrat.az “TRT Haber”ə istinadən xəbər verir ki, məsələyə türkiyəli dermatoloq Başak Yalçın aydınlıq gətirib.
O bildirib ki, dəniz və ya hovuzdan çıxdıqdan sonra bədənimiz nəm qalmamalıdır:
“Çünki bədənimizdə, xüsusən də ayaqlarda göbələk infeksiyaları baş verə bilər. Bakterial və ya digər infeksiyalar hovuzdan bədənimizə keçə bilər. Ona görə də dənizdən və ya hovuzdan çıxanda duş qəbul edib qurulanmaq vacibdir”.
Mütəxəssis həmçinin vurğulayıb ki, bu mövsümdə ilk növbədə dəriyə qulluğa diqqət etmək lazımdır:
“Yayda yağlı nəmləndiricilərdən daha yüngül su əsaslı məhsullara keçmək lazımdır. Bu, həm bədənimiz, həm də üzümüz üçün daha faydalıdır. Bu aylar həm də tərləmənin ən çox baş verdiyi dövrdür.
Bu səbəbdən bədən gigiyenasını təmin etmək üçün daha çox duş qəbul edilməlidir. Həddən artıq tərləmək nəticəsində bədəndə infeksiyalara meyllilik yarana bilər.
Günəş şüalarından qorunmaq da vacib məsələdir. Günəşin zərərli təsirlərindən qorunmaq üçün çölə çıxarkən ultrabənövşəyi göstəriciyə diqqət yetirməliyik.
Çöldə olacağımız saatlarda bu göstərici çox yüksək olarsa, mümkünsə çölə çıxmamalı və ya tədbirimizi artırmalıyıq. Mümkün qədər kölgədə qalmalıyıq. Günəşdən qoruyucu kremlər, yayda dərini günəşdən qorumağın yollarından biridir.
Qeyd etmək lazımdır ki, bu qoruyucu vasitələr günəş şüalarının təsirinin güclü olduğu dövrlərdə hər iki saatdan bir təkrar tətbiq edilməlidir”.
Aysu Demokrat.az


