“Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı vergi güzəştlərinin tətbiq edilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişiklik edilib. COP29-la bağlı fəaliyyətlər nəticəsində ölkədə yeni iş yerlərinin yaradılmasına və daha çox investisiya qoyuluşuna nail olunacaq”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə bu, həm xarici şirkətlərin Azərbaycana cəlb edilməsi, həm də xüsusən paytaxtda yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir:
“Qeyri-rezidentlərin vergidən azad olunması, COP29-la bağlı fəaliyyətlərin vergiyə cəlb edilməməsi investisiya qoyuluşuna imkan yaradacaq. Xidmət və inşaat sektorlarında yeni iş yerlərinin açılması gözlənilir. Bu da məşğulluq imkanlarını artıracaq. Vergi Məcəlləsinə edilən son dəyişikliklər ölkədə məşğulluğun təmin edilməsinə müsbət təsir göstərəcək. Daha əvvəl də Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Məqsəd sahibkarların stimullaşdırılması, investisiya mühitinin daha da inkişaf etdirilməsi, eyni zamanda yeni iş yerlərinin yaradılmasına nail olmaqdır. Xüsusən də özəl sektorda yeni iş yerlərinin açılması prioritetdir. Cənab Prezident tərəfindən də xarici investisiyanın cəlb edilməsinin mühüm hədəf olduğu qeyd olunub”.
Qeyd edək ki, Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı vergi güzəştləri tətbiq ediləcək. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.
Törə Zeynallı Demokrat.az


