Yeni Kaledoniyada hal-hazırda nə baş verir? Fransanın neokolonializm siyasətinə qarşı kanak millətinin etirazları bir neçə gündür davam edir. Gərginliyin səbəbi isə Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq seçki qanunvericiliyinin dəyişdirilməsi, müstəmləkə statusunun saxlanılması ilə bağlı keçiriləcək referendumda üstünlüyü təmin etmək üçün miqrantlara səsvermə hüququnun verilməsi ilə bağlı Fransa parlamentinin qanunvericilik təşəbbüsü olub. Qanun layihəsinin qəbulundan əvvəl minlərlə miqrantın ölkəyə qeyri-qanuni gətirilməsi yolu ilə yerli sakinlərin assimilyasiyası üzrə uzun illər davam edən iş aparılıb. İndi də Paris yerli əhalinin haqlı və qanuni etirazlarını vəhşicəsinə yatırmaqla Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib.
Fransa Kanak üsyanını müvəqqəti olaraq qan içində boğa bilər, lakin uzunmüddətli perspektivdə onun yeritdiyi siyasətin vəziyyəti gərginləşdirməyə, yerli və yeni gələn əhali arasında nifrətin artmasına töhfə verdiyi göz qabağındadır. Yüksək texnologiyalı güc kimi öz ambisiyaları ilə öyünən Fransa adalar problemini həll etmək üçün qəddar və kobud müstəmləkə alətlərindən istifadə etməkdədir. Aydındır ki, bu mübarizədə Fransa məğlub olmağa məhkumdur. Kanakların ədalətli istəklərinin boğulması bir müddət “səltənətdə” sülh və əmin-amanlığı bərpa edə bilər, lakin Fransanın nüfuzuna olduqca böyük ziyan vuracaq. Uzunmüddətli perspektivdə isə adada müharibə, inqilab, Kanakların qələbəsi və Fransanın müstəmləkə administrasiyasının biabırçı şəkildə qovulması qaçılmazdır.
Bu məğlubiyyəti sanki qabaqcadan hiss edən və çaş-baş qalmış Fransa məmurlarının ağlına hadisələrə görə günahı yenidən Azərbaycanın üzərinə atmaqdan başqa heç nə gəlmədi. Belə ki, Fransanın daxili işlər naziri Jerald Darmanen Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qarşı absurd ittihamlar səsləndirib. Darmanen France-2 televiziya kanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyadakı iğtişaşlara “müdaxilə etməkdə” ittiham edib və müstəqillik tərəfdarları ilə guya hansısa “sövdələşmə” bağladığını bildirib.
Amma nazir bununla kifayətlənməyib, Azərbaycanı həmçinin “ermənilərin qətliamında” (!!!) ittiham edərək deyib ki, “Azərbaycana gəlincə, bu, fantaziya deyil, reallıqdır. Bu, bəzi erməniləri qətlə yetirən diktaturadır. Mən də təəssüf edirəm ki, Kaledoniyanın müstəqilliyi tərəfdarlarından bəziləri Azərbaycanla əməkdaşlıq edirlər. Bunu inkar etmək olmaz”.
Ermənilərin kütləvi qətliamı ilə bağlı qəbuledilməz ittihamları əks etdirən bu yalan və təhqiramiz bəyanatlar, şübhəsiz ki, Azərbaycana qarşı uzun müddətdir ki, aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Fransanın daxili işlər nazirinə xatırlatmaq lazımdır ki, çoxillik müstəmləkəçilik siyasəti dövründə yerli xalqların azadlıq və müstəqillik arzusunu kökündə boğmuş, insanlığa qarşı çoxsaylı cinayətlər törətmiş, milyonlarla günahsız insanı vəhşicəsinə qətlə yetirmiş məhz Fransa olmuşdur. Yeni Kaledoniyada və Fransanın nəzarəti altında olan digər ərazilərdə baş verən kütləvi etirazların yeganə və əsl səbəbi də məhz Fransanın hazırkı neokolonializm siyasətidir.
Qeyd etmək lazımdır ki, bu, Darmanenin ölkəmizə qarşı ilk ittihamı deyil. Bu yaxınlarda fransalı nazir Milli Assambleyanın qanunvericilik komissiyası qarşısında çıxış edərək Azərbaycan Milli Məclisinin Yeni Kaledoniya Konqresi ilə əməkdaşlıq memorandumu imzalamasını pisləyərək Bakının hərəkətlərini “dağıdıcı müdaxilə” adlandırmışdır.
Deməli, Yeni Kaledoniyada konstitusiya referendumunu Fransa keçirir, məcburi assimilyasiyanı Fransa aparır, adaya polis qüvvələrini Fransa yeridir, günahkar Azərbaycandır? Həmişə olduğu kimi, Fransa rəhbərliyi qanunsuz və dağıdıcı siyasətinə haqq qazandırmaq üçün sadəcə günahkarı kənarda axtarır. Bu isə o deməkdir ki, Fransanın siyasəti məntiqin öldüyü ünvana çevrilib, hökumətində isə adekvat məmur qalmayıb.
Kamran Bayramov Milli Məclisin deputatı


