Gündəm Özəl

Paytaxtda yeni fırıldaqçılıq: "Yaşlılara yaxınlaşıb..." — Deputat xəbərdar etdi

Paytaxtda yeni fırıldaqçılıq: Yaşlılara yaxınlaşıb... — Deputat xəbərdar etdi

Paytaxtda yeni fırıldaqçılıq növü yaranıb. Bu dəfə fırıldaqçıların qurbanı yaşlı insanlardır.

Məsələ ilə bağı millət vəkili Rüfət Quliyev Demokrat.az-a məlumat verib. O qeyd edib ki, fırıldaqçılar şirin sözlərlə yaşlı insanları aldadıb pullarını mənimsəyirlər:

“Bir neçə gün əvvəl Atatürk parkında bir neçə ağsaqqal mənə yaxınlaşdı. Çox xoşagəlməz, hətta deyərdim ki, kriminal sayılacaq hadisələrdən danışdılar. Deməli, həmin zonada hansı ki, bir hissəsi Binəqədi, bir hissəsi Nərimanov rayonlarının ərazisinə düşür – cavan oğlanlar əməlli-başlı fırıldaqçılıqla məşğul olurlar. Yaşlı insanları güdürlər, yaxınlaşıb özlərini onların yaxın adamı kimi təqdim edirlər və yalanlarına onları inandırırlar. Benzin pulu, həkim pulu adıyla, müxtəlif bəhanələrlə insanlardan pul alırlar. Həmin zonada təqaüddə olan tanınmış bir məktəb direktorunu da hətta güdüblər pensiya alan vaxtı. Cibində 500 manat pul olub. Şirin söhbətlərlə onu da aldadıb pulunu alıblar – bir sözlə, əsl fırıldaqçılıq”.

R.Quliyev bildirib ki, məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib:

“Bu cür hərəkətlər nə əxlaqa, nə mənəviyyata, nə dinə sığır. Belə hadisələrlə bağlı xəbərləri, adətən, 15-20 il əvvəl Rusiyadan, Ukraynadan, Orta Asiyadan eşidirdik. Düşünürəm ki, bu cür fırıldaqçı əməl törədən şəxslər yaşlı insanlara qarşı sabah fiziki gücə, silaha da əl ata bilərlər. Belə insanlara qarşı fəal mübarizəyə başlanmalıdır. Polis kifayət qədər aktiv işləyir, öz işini görür. Amma bu məsələnin indidən qarşısını almaq lazımdır. Cavanlar ata-analarına izah etsinlər məsələni, yaşlı şəxslər bundan xəbərdar olmalıdırlar ki, fırıldaqçıların toruna düşməsinlər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova