Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib ki, ölkədə alkoqollu içkilərin istehsalı və idxalı ilə əlaqədar bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməlidir. O bildirib ki, hazırda alkoqollu içkilərin istehsalı sahəsində həddindən çox təsadüfi sahibkarlıq subyektləri fəaliyyət göstərirlər:
"Onlar istədikləri formada alkoqollu içkilərin satışını həyata keçirirlər. Bu səbəbdən dövlət nəzarəti gücəndirilməlidir və yaxın zamanda bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək".
Sədr əlavə edib ki, təkliflər paketi genişdir. AQTA sədri əlavə edib ki, Agentlik bütün spirtli içki istehsal edən müəssisələrdə müvafiq yoxlamalar həyata keçirəcək.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında qeyd edib ki, bazarın spirtli içki seqmentində problemlər qalmağa davam edir:

“4 il bundan öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı araşdırmalar nəticəsində məlum oldu ki, ən təhlükəli içkilər bahalı şüşələrdə qablaşdırılıb və ən bahalı kafe-restoranlarda insanlara təqdim olunur. Saxta aksiz markası ilə markalanma, şadlıq evlərinin zirzəmilərində içkilərin hazırlanması kimi qanunsuz hallar davam edir.
Alkoqollu içkilərlə bağlı müəyyən qanunvericilik aktlarının qəbul edilməsi ilə yanaşı bu sahəyə nəzarət də güclənməlidir. AQTA yalnız müəssəsilərə baxış həyata keçirir, lakin cəld reaksiya mexanizmi yoxdur. Şadlıq saraylarında içkidən zəhərlənmələrlə bağlı AİB-ə zənglər daxil olur. Zəhərlənmə hallarının qarşısı alınmalıdır. Müvafiq qurum təhlükəsizliyi və keyfiyyətə nəzarət etməlidir”.
Törə Zeynallı Demokrat.az


