Bakıda kiber üsullarla kartlardan 93 min manat talayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib. Onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsullarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.
Kiberdələduzluq haqqında xəbərlərə az qala hər gün rast gəlirik. Bu yolla bank kartlarından oğurluq da çox asanlaşıb. Rəqəmsal mütəxəssis Vasif Qəhrəmanov Demokrat.az-a diqqət edilməli məqamları açıqlayıb:
“Dələduzların qurbanı olmamaq üçün ilk növbədə bilmək lazımdır ki, şirnikləndirici təkliflərə uymaq olmaz. “Hədiyyə qazandınız” başlığı ilə cihazımıza gələn linkə keçid edib kart məlumatlarını daxil etmək bizi qurbana çevirir. Əfsuslar olsun ki, insanlar hələ də belə saytlara keçid edib məlumatlarını daxil edirlər. Kartın üçrəqəmli cvc kodunu heç kimə demək olmaz. Bank əməkdaşları belə bu kodu tələb edə bilməz. Çox vaxt dələduzlar bankın adından zəng edib insanlardan cvc kodu soruşurlar. Bu, məxfi məlumatdır”.
Törə Zeynallı Demokrat.az


